Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi investisiya gündəliyini gücləndirir – Mikayıl Cabbarov

Baş səhifə

Bakı. Trend:

Dövlətin siyasətinin mərkəzində iqtisadi artım, inkişaf və rifah
dayanır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ölkənin
investisiya gündəliyini getdikcə daha çox formalaşdırır.

Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycanın
iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam İnkişaf Bankı
(İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan
investisiya perspektivləri forumu 2026” tədbirində deyib.

Nazir bildirib ki, Azərbaycan hökuməti özəl sektorun inkişafına,
qeyri-neft və qaz sektorunun genişləndirilməsinə, eləcə də
prioritet sahələrdə yeni imkanların yaradılmasına xüsusi önəm
verir.

“Aparılan ardıcıl islahatlar investisiyaların qorunmasını
gücləndirib, prosedurları sadələşdirib, dövlət dəstəyinə çıxışı
genişləndirib və dövlət-özəl tərəfdaşlığını inkişaf etdirib.

Xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, maliyyə
resurslarına çıxış, ixracyönümlü artım və sənaye infrastrukturunun
gücləndirilməsi prioritet istiqamətlərdəndir”, – nazir deyib.

O qeyd edib ki, qeyri-neft ixracının dəstəklənməsi çərçivəsində
logistika və nəqliyyat xərclərinə dəstək göstərilir, yerli
məhsulların rəqabət qabiliyyəti artırılır və yeni ixrac bazarlarına
çıxış asanlaşdırılır:

“Bu tədbirlərlə yanaşı, kredit zəmanəti və faiz subsidiyası
mexanizmləri də daha səmərəli şəkildə tətbiq olunur. Nəticədə
istehsal, logistika, kənd təsərrüfatı, xidmətlər, bərpa olunan
enerji və rəqəmsal texnologiyalar kimi sahələr investorlar üçün
daha cəlbedici hala gəlir”.




O bildirib ki, müasir dövrdə investorlar yalnız imkanlar deyil,
həm də layihələrin sürətli və səmərəli icra oluna biləcəyi
platformalar axtarırlar:

“Bu baxımdan Azərbaycan öz coğrafi üstünlüklərindən, inkişaf
etmiş nəqliyyat-kommunikasiya şəbəkəsindən və qonşu ölkələrlə açıq
ticarət əlaqələrindən geniş şəkildə istifadə edir. Orta Dəhliz
üzərində yerləşən Azərbaycanın regionda mühüm tranzit və logistika
mərkəzinə çevrildiyi diqqətə çatdırılıb”, – nazir bildirib.

Nazir həmçinin qeyd edib ki, Cənubi Qafqazda davam edən sülh və
normallaşma prosesi regionda yeni imkanlar yaradır.

O əlavə edib ki, investorlar üçün xüsusi əhəmiyyət daşıyan
layihələrdən biri də Ələt Azad İqtisadi Zonasıdır:

“Burada müasir infrastruktur, rəqabətqabiliyyətli güzəştlər və
əlverişli biznes mühiti yaradılıb. Zona Bakı Beynəlxalq Dəniz
Ticarət Limanına yaxınlığı və yeni logistik imkanlarla regionun
investisiya cəlbediciliyini artırır”.

Mikayıl Cabbarov bildirib ki, investorların fəaliyyətinin hüquqi
çərçivədə daha etibarlı şəkildə təmin edilməsi məqsədilə xüsusi
institusional qanunvericilik qəbul edilib və bu, zonada fəaliyyət
göstərən bütün investorlar üçün sabit və proqnozlaşdırıla bilən
hüquqi mühit formalaşdırır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir