IsDB Azərbaycanda “yaşıl” artıma fokuslanır

Baş səhifə

Bakı. Trend:

İslam İnkişaf Bankı (IsDB) Qrupu Azərbaycandakı layihə
portfelinə innovasiyaları, rəqəmsal transformasiyanı və “yaşıl”
artım həllərini daha fəal şəkildə tətbiq etmək niyyətindədir.

IsDB-nin son hesabatında qeyd olunduğu kimi, bankın
fəaliyyətinin əsas istiqamətləri bunlardır:

* iqlim məqsədlərinə nail olmaq üçün bərpa olunan enerji və
“yaşıl” təşəbbüslər sahəsində layihələrin genişləndirilməsi;

* dövlət idarəçiliyində və xidmətlərin göstərilməsi sahəsində
rəqəmsal transformasiyanın dəstəklənməsi;

* “ağıllı” kənd təsərrüfatı texnologiyalarının tətbiqi hesabına
kənd təsərrüfatının və ərzaq təhlükəsizliyinin gücləndirilməsi;

* iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması üçün ticarət
və özəl tərəfdaşlığın dərinləşdirilməsi.




Bankın məlumatına görə, innovativ maliyyə alətlərinin,
biliklərin və özəl sektorun cəlb edilməsinin birləşməsi
Azərbaycanın dayanıqlı inkişafını sürətləndirməyə kömək edən
dinamik ekosistemin formalaşdırılmasına yönəlib.

“Azərbaycan milli transformasiya yolunda irəlilədikcə, IsDB
Qrupu ölkənin inklüziv artım, iqtisadi şaxələndirmə və qlobal
rəqabət qabiliyyəti istiqamətindəki səylərini dəstəkləyərək onun
etibarlı tərəfdaşı olaraq qalır”, – deyə hesabatda bildirilir.

IsDB-nin son məlumatlarına əsasən, 31 dekabr 2025-ci il tarixinə
Azərbaycan üzrə təsdiqlənmiş xalis maliyyələşdirmənin ümumi həcmi
1,328 milyard ABŞ dolları təşkil edib.

Beynəlxalq İslam Ticarət-Maliyyə Korporasiyasının (ITFC)
əməliyyatlarının ümumi həcmi 93,4 milyon ABŞ dolları, Özəl Sektorun
İnkişafı üzrə İslam Korporasiyasının (ICD) təsdiqləmələri 165,2
milyon ABŞ dolları, digər fondlar üzrə əməliyyatlar isə 25,7 milyon
ABŞ dolları təşkil edib. ICIEC-in Azərbaycandakı fəaliyyətinin
ümumi həcminə 164,4 milyon ABŞ dolları məbləğində sığortalanmış
əməliyyatlar və 132,3 milyon ABŞ dolları məbləğində yeni öhdəliklər
daxil olub.

IsDB Qrupunun Azərbaycandakı əməliyyatları müxtəlif
maliyyələşdirmə alətləri vasitəsilə həyata keçirilir. Bunlara
istisna — 542,3 milyon ABŞ dolları, icarə — 287,6 milyon ABŞ
dolları, ticarət maliyyələşməsi — 215,8 milyon ABŞ dolları, hissəli
satış — 159,5 milyon ABŞ dolları, kreditlər — 92,5 milyon ABŞ
dolları, kapitalda iştirak — 24 milyon ABŞ dolları, həmçinin xüsusi
və texniki qrantlar — 6,3 milyon ABŞ dolları daxildir.

IsDB-nin Azərbaycandakı portfelinə 85 əməliyyat daxildir.
Onlardan təxminən 1,138 milyard ABŞ dolları məbləğində 75 əməliyyat
artıq başa çatıb, 189,2 milyon ABŞ dolları məbləğində 10 əməliyyat
isə aktiv olaraq qalır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir