
Bakı. Trend:
Azərbaycanın enerji gələcəyi diversifikasiya üzərində qurulub və
ölkə tədricən ənənəvi neft-qaz modelindən balanslaşdırılmış enerji
portfelinə keçid edir.
Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu SOCAR-ın
vitse-prezidenti Əfqan İsayev Bakıda İnvestisiya Perspektivləri
Forumu çərçivəsində keçirilən “Azərbaycanın yaşıl keçidinin
gücləndirilməsi: bərpa olunan enerji etibarlı investisiya imkanı
kimi” panel müzakirəsində deyib.
Onun sözlərinə görə, SOCAR 2023-cü ildən etibarən
strategiyasında əsaslı dəyişiklik edərək enerji keçidini prioritet
istiqamət kimi müəyyən edib.
“Azərbaycanın enerji gələcəyini bir sözlə ifadə etsək, bu,
diversifikasiyadır. Biz əvvəllər klassik neft və qaz şirkəti idik,
lakin 2023-cü ildə strategiyamızı tamamilə dəyişdik və enerji
qarışımımıza yeni elementlər əlavə etdik”, – deyə o bildirib.
Ə.İsayev qeyd edib ki, Azərbaycanın 2030-cu il hədəflərinə
əsasən, enerji balansında bərpa olunan mənbələrin payının 30 faizə
çatdırılması nəzərdə tutulur və mövcud dinamika bu göstəricinin
hətta 34–38 faiz səviyyəsinə yüksələ biləcəyini göstərir.
“Biz neft və qaz ixrac edən etibarlı ölkə statusundan imtina
etmirik, sadəcə bu modelin üzərinə yeni enerji mənbələri əlavə
edirik. Bu, ideoloji deyil, iqtisadi baxımdan imkan yaradan bir
transformasiyadır”, – deyə SOCAR rəsmisi vurğulayıb.
Onun sözlərinə görə, bərpa olunan enerji potensialının
artırılması ölkəyə əlavə qaz resurslarına qənaət etməyə və həmin
resursları regional və Avropa bazarlarına yönəltməyə imkan
verir.
Ə.İsayev əlavə edib ki, orta müddətli perspektivdə SOCAR aşağı
karbonlu enerji sahələrinə, o cümlədən yaşıl hidrogen və yaşıl
ammonyak layihələrinə daxil olmağı planlaşdırır. Lakin bu sahədə
iqtisadi səmərəlilik üçün hələ də miqyas iqtisadiyyatının vacib
olduğu qeyd edilib.
“Texnologiyalar sürətlə ucuzlaşır və günəş panelləri, külək
turbinləri və elektroliz avadanlıqlarında olduğu kimi, yaxın
illərdə bu sahədə də xərclərin azalacağını gözləyirik”, – deyə o
bildirib.
SOCAR vitse-prezidenti qeyd edib ki, şirkət 2035-ci ilə qədər
balanslaşdırılmış portfelə malik enerji şirkətinə çevrilməyi,
2050-ci ilədək isə xalis sıfır emissiya hədəfinə çatmağı
planlaşdırır.
O, SOCAR-ın bu məqsədlərə çatmaq üçün üç əsas istiqamət üzrə
fəaliyyət göstərdiyini bildirib: dekarbonizasiya layihələri,
təşkilati transformasiya və aşağı karbonlu bizneslərin
inkişafı.
“2024-cü ilin martında SOCAR Green Company yaradılıb. Bu qurum
enerji səmərəliliyi və aşağı karbonlu layihələrin sürətləndirilməsi
üçün fəaliyyət göstərir”, – deyə Ə.İsayev qeyd edib.
Onun sözlərinə görə, SOCAR həmçinin beynəlxalq tərəfdaşlarla
əməkdaşlığı genişləndirir və bu çərçivədə Masdar, ACWA Power,
PowerChina və digər şirkətlərlə birgə layihələr həyata keçirir.
Ə.İsayev əlavə edib ki, artan enerji tələbatı, xüsusilə data
mərkəzləri və süni intellekt texnologiyalarının inkişafı fonunda
yeni enerji həllərinə ehtiyacı daha da artırır.
“Biz həmçinin qazdan elektrik enerjisi istehsalı layihələrini
genişləndiririk. Naxçıvanda layihələrə start verilib, Türkiyədə 870
meqavatlıq generasiya gücü əldə olunub, Serbiyada isə 500 meqavat
gücündə yeni CCGT stansiyasının inkişafı davam edir”, – deyə SOCAR
vitse-prezidenti bildirib.

