Aİ ABŞ-də istehsal olunan mallara tətbiq edilən tarifləri ləğv edir

Baş səhifə

Bakı. Trend:

Avropa Parlamenti 2025-ci ilin avqust ayında Aİ-ABŞ Birgə
Bəyanatına uyğun olaraq Aİ-nin tarif öhdəliklərini həyata keçirən
iki qanun layihəsini yekun olaraq təsdiqləyib.

Xarici media yazır ki, Avropa Parlamentinin Beynəlxalq Ticarət
Komitəsinin sədri və ABŞ üzrə Daimi Məruzəçi Bernd Lange bildirib
ki, təzyiqlərə baxmayaraq, Parlament bu danışıqlar boyunca
qətiyyətli mövqe tutub.

“Qətiyyətimiz öz bəhrəsini verdi. Avropa biznesləri və
vətəndaşları üçün daha güclü bir razılaşma, eləcə də əvvəlcə
nəzərdə tutulduğundan daha güclü müdafiə təmin edildi”, – deyə o
bildirib.

440 lehinə, 151 əleyhinə, 50 bitərəf səslə qəbul edilən əsas
tənzimləmə təklifi, ABŞ-də istehsal olunan bütün mallara tətbiq
edilən tarifləri aradan qaldırır və geniş çeşiddə ABŞ dəniz
məhsulları və kənd təsərrüfatı məhsulları üçün bazara güzəştli
çıxış təmin edir.

444 lehinə, 152 əleyhinə və 54 bitərəf səslə təsdiqlənən ikinci
tənzimləmə təklifi, lobsterin rüsumsuz idxalını emal olunmuş
lobsteri də əhatə edəcək şəkildə genişləndirir.




Avropa Parlamentinin kommünikesində deyilir ki, hər iki təklif
əvvəllər Avropa Parlamenti və Aİ Şurasının danışıqçıları tərəfindən
razılaşdırılmış və onlar Komissiyanın ilkin təklifini gücləndirən
bir sıra elementlər təqdim etmişdilər.

Sənaye və kənd təsərrüfatı mallarının idxalı ilə bağlı əsas
qayda 31 dekabr 2029-cu il tarixindən etibarən qüvvədən düşəcək.
Komissiya 30 iyun 2029-cu il tarixinədək onun sənaye, kənd
təsərrüfatı və kiçik və orta sahibkarlıq üçün Aİ ticarətinə
təsirini, eləcə də üçüncü ölkələrlə ticarət modellərindəki
dəyişiklikləri hərtərəfli qiymətləndirəcək və lazım gələrsə,
qaydanın uzadılması üçün qanunvericilik təklifi təqdim edəcək.

2025-ci ilin avqust ayında ABŞ tariflərə məruz qalan polad və
alüminium törəmələri siyahısına 407 məhsul kateqoriyası əlavə edib.
Parlament bu yeni tariflərin ticarət qeyri-sabitliyini artırdığın
və bu məsələnin əsas tənzimləməyə daxil edilməsində israr edir.
Nəticədə, əgər ABŞ 31 dekabr 2026-cı il tarixinə qədər Aİ polad və
alüminium törəmələrinə 15%-dən yüksək tarif dərəcəsi tətbiq etməyə
davam edərsə, Avropa Komissiyası indi tarif güzəştlərini dayandıra
biləcək. Avropa Komissiyası polad və alüminium törəmələri üçün
tarif rejimi barədə 1 dekabr 2026-cı il tarixinə qədər Avropa
Parlamentinə və Şuraya hesabat təqdim edəcək.

Avropa Parlamenti qeyd edib ki, ABŞ 24 fevral 2026-cı ilə qədər
15% əhatəli tarif limitinə malik olan Aİ ixracatı üçün tarif rejimi
ilə bağlı Aİ-nin narahatlıqlarını həll etməsə, Avropa Komissiyası
da tarif güzəştlərini dayandıra biləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir