Günvurma nədir, risk qrupuna kimlər daxildir? – Açıqlama

Baş səhifə

Bakı. Trend:

Günvurma yay aylarında ən çox rast gəlinən sağlamlıq
problemlərindən biridir. Xüsusilə açıq havada uzun müddət günəş
altında qalmaq orqanizmin həddindən artıq qızmasına səbəb ola
bilər. Mütəxəssislər bildirirlər ki, günvurmanın qarşısını almaq
üçün sadə qaydalara əməl etmək və ilk əlamətləri vaxtında tanımaq
böyük əhəmiyyət daşıyır.

Lökbatan Tibb Mərkəzi Təcili Təxirə Salınmaz Tibbi yardım
şöbəsinin həkimi Şəfa Əliyeva Trend-ə açıqlamasında bildirib ki, günvurma
insanın uzun müddət birbaşa günəş şüalarının təsiri altında qalması
nəticəsində bədən temperaturunun həddindən artıq yüksəlməsi ilə
yaranan ciddi vəziyyətdir. Həkimin sözlərinə görə, bu zaman
orqanizmin istilik tənzimləmə mexanizmi pozulur, su-duz balansı
dəyişir, beyin, ürək və digər həyati vacib orqanların fəaliyyəti
zədələnə bilər.

Həkim qeyd edib ki, günvurma günəş şüalarının ən güclü olduğu
saatlarda – təxminən saat 11:00-dan 17:00-dək müşahidə olunur. Bu
vaxtlarda açıq havada uzun müddət qalmaq xüsusilə təhlükəlidir.

Şəfa Əliyeva günəş şüalarının orqanizmə faydalarına da diqqət
çəkib:

“Günəş şüaları orqanizmdə D vitamininin sintezini təmin edir,
sümük sağlamlığını dəstəkləyir və immun sisteminin fəaliyyətinə
müsbət təsir göstərir. Lakin həddindən artıq günəşlənmə günvurma,
susuzlaşma, dəri yanıqları, dərinin vaxtından əvvəl qocalması və
dəri xərçəngi riskinin artmasına səbəb ola bilər”.

Həkim bildirib ki, təhlükəsiz günəşlənmə üçün səhər saat 10:00-a
qədər və axşam 17:00-dan sonra açıq havada olmaq daha
məqsədəuyğundur. Günəş altında qalma müddəti tədricən artırılmalı,
kölgədə dincəlmək və qoruyucu vasitələrdən istifadə
edilməlidir.

“Günəş altında olarkən açıq rəngli, yüngül və hava keçirən
geyimlər seçilməli, baş örtüyündən istifadə edilməlidir. Gün
ərzində kifayət qədər su qəbul edilməli, alkoqollu və həddindən
artıq şəkərli içkilərdən uzaq durulmalıdır. Yüngül və asan həzm
olunan qidalara üstünlük verilməsi tövsiyə olunur”.




Həkim günvurma ilə bağlı risk qrupuna aid olan şəxslər barədə də
məlumat verib. O qeyd edib ki, kiçik yaşlı uşaqlar, yaşlı insanlar,
hamilələr və ürək-damar, şəkərli diabet kimi xroniki xəstəlikləri
olan şəxslər daha yüksək risk qrupuna daxildirlər. Bu insanlarda
orqanizmin istiliyi tənzimləmə qabiliyyəti zəif olduğundan günvurma
daha tez inkişaf edə bilər.

Şəfa Əliyevanın sözlərinə görə, günvurmanın ilkin əlamətləri baş
ağrısı, halsızlıq, başgicəllənmə, ürəkbulanma, çox tərləmə,
susuzluq hissi və ümumi zəiflikdir. Huşun pozulması, qıcolma,
yüksək hərarət, nəfəs darlığı və ya huşun itməsi isə təhlükəli
əlamətlər sayılır və təcili tibbi yardım tələb edir.

Günvurma zamanı ilk yardım üçün isə zərərçəkən dərhal kölgə və
ya sərin yerə aparılmalıdır. Sıx geyimlər boşaldılmalı, bədən sərin
su ilə silinməli və ya soyuq kompres tətbiq edilməlidir. Şəxs huşu
yerindədirsə, ona kiçik qurtumlarla sərin su verilməlidir. Huşsuz
şəxsə ağızdan heç nə verilməməlidir.

“Huşun itməsi, qıcolma, bədən temperaturunun 40°C və daha yüksək
olması, güclü nəfəs darlığı, sinə ağrısı, qusmanın davam etməsi və
ya vəziyyətin qısa müddətdə yaxşılaşmaması hallarında təcili tibbi
yardım çağırılmalıdır”.

Həkim yay aylarında günvurmanın qarşısını almaq üçün tövsiyyələr
də edib. O bildirib ki, yayın isti günlərində günəşin ən güclü
olduğu saatlarda açıq havada uzun müddət qalmamaq, bol maye qəbul
etmək, baş örtüyü və açıq rəngli geyimlərdən istifadə etmək,
uşaqları və yaşlıları birbaşa günəş altında saxlamamaq əsas
profilaktik tədbirlərdir. Özünü pis hiss edən şəxs dərhal kölgəyə
çəkilməli və lazım gəldikdə tibbi yardım üçün müraciət
etməlidir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir