
Bakı. Trend:
Hazırda dünya islam maliyyə sənayesinin həcmi təxminən 4 trilyon
ABŞ dolları olaraq qiymətləndirilir.
Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bu barədə İslam
İnkişaf Bankı İnstitutunun (IsDBI) baş direktor vəzifəsini icra
edən Sami Əl-Süvaylim İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə
14-cü forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, IsDBI Qrupunun həcmi təxminən 40 milyard
ABŞ dolları təşkil edir.
“Bu baxımdan Qrup dünya islam maliyyə sənayesinin cəmi 0,1
faizini təşkil edir”, – deyə Əl-Süvaylim bildirib.
Bununla yanaşı, o qeyd edib ki, IsDBI Qrupunun təsiri onun
ölçüsündən xeyli böyükdür.
“IsDBI Qrupu yarandığı 50 ildən artıq müddət ərzində bu sahənin
lideri olub və olmaqda davam edir. Bu, Qrupun kəmiyyətlə deyil,
keyfiyyətlə liderlik etdiyini göstərir”, – deyə o vurğulayıb.
Sami Əl-Süvaylim təşkilatın liderliyini müəyyən edən əsas
amillərin onun baxışı, dəyərləri və prinsipləri olduğunu
bildirib.
O, həmçinin Qrupun məqsədlərinə çatması üçün innovasiyaların
əhəmiyyətini qeyd edib.
“Buna görə də innovasiya bizim missiyamızın uğuru üçün həlledici
əhəmiyyət daşıyır. IsDBI İnstitutunda innovasiyaları əsas
prioritetlərimizdən biri hesab edirik”, – deyə o əlavə edib.
Onun sözlərinə görə, institutun əməkdaşları tərəfdaşlarla
birlikdə üzv ölkələrin üzləşdiyi iqtisadi çağırışlara İslam maliyyə
alətlərindən istifadə etməklə innovativ həllər tapmaq üzərində
işləməyə davam edirlər.

