Tacikistan və Özbəkistan ticarət dövriyyəsini 2 milyard dollara çatdırmağı planlaşdırır – baş nazir

Baş səhifə

Daşkənd. Trend

Tacikistan və Özbəkistan 2028-ci ilədək ticarət dövriyyəsini 2
milyard dollara çatdırmağı planlaşdırır.

Trend-in xüsusi müxbirinin çərşənbə günü verdiyi məlumata görə,
bunu Tacikistanın baş naziri Kohir Rəsulzadə 5-ci Daşkənd
Beynəlxalq İnvestisiya Forumunun — TIIF 2026-nın açılışında
bildirib.

“Ölkələrimizin liderləri — Emoməli Rəhmon və Şavkat Mirziyoyevin
uzaqgörən siyasəti və möhkəm iradəsi sayəsində dövlətlərimiz
arasındakı sərhədlər dostluq körpülərinə, iqtisadi məkan isə
genişmiqyaslı birgə təşəbbüslərin həyata keçirilməsi üçün
platformaya çevrilib. İnvestisiyaların cəlb olunması üçün
güzəştlər, preferensiyalar və əlverişli şərtlərlə yanaşı, dövlət
liderlərinin siyasi iradəsi də böyük əhəmiyyət daşıyır”, — deyə o
bildirib.

Rəsulzadə qeyd edib ki, Tacikistan və Özbəkistan arasında
ticarət dövriyyəsi qısa müddət ərzində 70 milyon dollardan 1
milyard dollara yüksəlib.

“Bu gün hökumətlər qarşısında 2028-ci ilədək bu göstəricini 2
milyard dollara çatdırmaq vəzifəsi qoyulub”, — deyə o əlavə
edib.

Baş nazir həmçinin bildirib ki, iki ölkə arasında avtomobil
nəqliyyatı ilə yükdaşımaların həcmi 100 dəfə artıb.

Daha sonra Rəsulzadə qeyd edib ki, hazırda 530 birgə müəssisə
fəaliyyət göstərir və bu göstərici hər il artır.




“Bütün bunlar əlavə olaraq yüz minlərlə yeni iş yerinin
yaradılmasına, iki qardaş xalqın rifahının və həyat səviyyəsinin
yaxşılaşmasına imkan verib. Bu gün Tacikistanda Özbəkistan
kapitalının iştirakı ilə 130-dan çox müəssisə fəaliyyət göstərir.
Eyni zamanda, Özbəkistanda Tacikistan investisiyaları ilə fəaliyyət
göstərən şirkətlərin sayı artıq 410-u keçib. Tərəfdaşlığımız
keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Bu tendensiyanın ən parlaq
təsdiqi ondan ibarətdir ki, bu günədək Tacikistanın özəl sektoru
Özbəkistanda təxminən 2 milyard dollar məbləğində investisiya
layihələri həyata keçirir”, — deyə o bildirib.

Rəsulzadə son illərdə Tacikistanın iqtisadi nailiyyətləri barədə
də danışıb.

“2025-ci ilin yekunlarına əsasən, ölkədə ÜDM-in artımı 8,4 faiz
təşkil edib. Cari 2026-cı ildə biz bu göstəricini 8 faiz
səviyyəsində saxlayırıq. Ötən il Tacikistan iqtisadiyyatına
təxminən 7 milyard dollar xarici investisiya cəlb olunub ki, bu da
əvvəlki illə müqayisədə 35 faiz çoxdur. Bizə maraq bütün
istiqamətlərdən artır. MDB ölkələrindən investisiyalar 54 faiz,
uzaq xaric ölkələrindən isə 23 faizdən çox artıb”, — deyə baş nazir
bildirib.

Rəsulzadənin sözlərinə görə, Tacikistanın əsas və danılmaz
üstünlüyü iqtisadiyyatının tamamilə “yaşıl” əsaslara
söykənməsidir.

“Biz elektrik enerjisinin 98 faizini hidroelektrik
stansiyalarından əldə edirik və bu göstəriciyə görə dünya liderləri
arasında ilk altılığa daxilik. 2032-ci ilədək karbon izimizin
sıfıra endirilməsi planlaşdırılır. Ekoloji standartların hər gün
daha da sərtləşdiyi dünyada Tacikistan investorlara yüz faiz
‘yaşıl’ sertifikata malik məhsullar yaratmaq üçün unikal imkan
verir”, — deyə o əlavə edib.

Qeyd edək ki, iyunun 16-da Özbəkistanın paytaxtında 5-ci yubiley
Daşkənd Beynəlxalq İnvestisiya Forumu — TIIF 2026 işə başlayıb.
Forum investorlar, dövlət qurumları və beynəlxalq maliyyə
təşkilatları arasında dialoq üçün mühüm platformaya çevrilib.

Yubiley forumu təkcə əvvəlki uğurları möhkəmləndirməyi deyil,
həm də iştirakçıların coğrafiyasını genişləndirməyi, sahələr üzrə
ixtisaslaşmanı dərinləşdirməyi və tədbirlərin praktiki yönümünü
gücləndirməyi hədəfləyir. Bu gün TIIF beynəlxalq kapitalın etimad
göstəricisi və Özbəkistanın qlobal əlavə dəyər zəncirlərinə
inteqrasiyası üçün mühüm platforma hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir