
Bakı. Trend:
İyunun 17-də İslam İnkişaf Bankı (İİB) qrupunun illik
toplantıları çərçivəsində SOCAR ilə İslam İnkişaf Bankı Qrupunun
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) arasında
Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın məlumatına görə, sənəd Azərbaycanda və ICD-yə üzv digər
ölkələrdə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə maliyyələşdirmə
imkanlarının birgə araşdırılmasını nəzərdə tutur.
Anlaşma Memorandumuna əsasən, tərəflər SOCAR-ın və onun birgə
müəssisə tərəfdaşları tərəfindən təsis olunan layihə şirkətləri
üçün maliyyələşdirmə imkanlarını müəyyənləşdirəcək və
qiymətləndirəcəklər. Bu çərçivədə ICD tərəfindən layihələrin
xüsusiyyətlərinə uyğun maliyyə həlləri təklif ediləcək.
SOCAR-ın prezidenti Rövşən Nəcəf deyib:
“Anlaşma Memorandumu tərəflər arasında enerji layihələri üzrə
gələcək əməkdaşlığın inkişafı üçün mühüm imkanlar açır. Sənəd
Azərbaycanda və ICD-yə üzv digər ölkələrdə həyata keçirilə biləcək
layihələr üzrə birgə işləmək, uyğun maliyyə mexanizmlərini nəzərdən
keçirmək və istiqamətləri müəyyənləşdirmək baxımından əhəmiyyət
daşıyır”.
ICD-nin icraçı baş direktorunun səlahiyyətlərini müvəqqəti icra
edən Xalid Xələfalla bildirib:
“SOCAR ilə yeni tərəfdaşlıq ICD-nin üzv ölkələrə özəl kapitalın
yönləndirilməsi məqsədi daşıyan strategiyasının həyata keçirilməsi
baxımından mühüm addımdır. SOCAR-ın enerji sahəsindəki təcrübəsini
ICD-nin şəriət prinsiplərinə uyğun maliyyələşdirmə imkanları ilə
birləşdirərək, Azərbaycan və digər ölkələrdə iqtisadi artımı təşviq
edəcək dövlət-özəl tərəfdaşlığı layihələrinin inkişafına töhfə
veririk. Bu əməkdaşlıq İslam İnkişaf Bankı Qrupunun inkişaf
prioritetlərinə tam uyğundur”.

