
Bakı. Trend
Azərbaycan 2030-cu ilədək 500 milyon ABŞ dollarına qədər həcmdə
ilk sukuk buraxılışını həyata keçirə bilər.
Bu barədə İslam İnkişaf Bankı Qrupunun yeni hesabatında
bildirilir.
“Proqnozlaşdırırıq ki, 2030-cu ilə qədər, yəni 5 illik proqnoz
dövründə Azərbaycanda təxminən 500 milyon ABŞ dolları diapazonunda
debüt sukuk buraxılışı həyata keçirilə bilər. Bu, ölkənin yüksək
suveren kredit profili və mövcud fiskal imkanları nəzərə alınmaqla
qiymətləndirilir. Vacib keyfiyyət fərziyyəsi isə zəruri ekosistem
amillərinin, o cümlədən tənzimləyici dəstəyin, qanunvericilik
dəyişikliklərinin və islahatların formalaşdırılmasıdır”, — deyə
Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantıları çərçivəsində
təqdim olunan İslam İnkişaf Bankı İnstitutu (IsDBI) və Beynəlxalq
İslam Ticarət Maliyyələşdirmə Korporasiyasının (ITFC) hesabatında
qeyd olunur.
Bundan əlavə, IsDBI və ITFC proqnozlaşdırır ki, Azərbaycanda
dövlət borcu və islam maliyyəsi bazarı böyüdükcə buraxılış
həcmlərinin daha da artması mümkündür. 2035-ci ilə qədər bu
göstərici təxminən 1,5 milyard ABŞ dollarına çata bilər.
“Azərbaycanda ənənəvi borc alətlərinin ümumi buraxılış həcmi ilə
müqayisədə — bizim proqnozlarımıza görə, bu göstərici 2025-ci ildə
3,4 milyard dollardan 2035-ci ilə qədər 8,8 milyard dollara
yüksələcək — sukuk 2030-cu ilə qədər ümumi həcmin 9 faizinə,
2035-ci ilə qədər isə 17 faizinə ekvivalent təşkil edə bilər. Bu
artım trayektoriyası digər bazarların təcrübəsi nəzərə alınmaqla
real görünür”, — deyə hesabatda bildirilir.
Proqnozlaşdırma metodologiyası kimi IsDBI və ITFC ekspertləri
islam maliyyəsinin inkişaf etməkdə olan bazarlarında sukuk
buraxılışlarının tarixi nümunələrinin, həmçinin inkişaf etmiş islam
maliyyə sisteminə malik ölkələrdə və İslam Əməkdaşlıq Təşkilatından
kənar ölkələrdə debüt yerləşdirmələrin təhlilindən istifadə
ediblər.
Qeyd olunur ki, inkişaf etməkdə olan bazarlarda debüt
buraxılışlar adətən təxminən 500 milyon dollar təşkil edib. Buna
Pakistan — 600 milyon dollar, Oman — 520 milyon dollar, İndoneziya
— 500 milyon dollar, Maldiv adaları — 200 milyon dollar nümunə
göstərilir. Daha inkişaf etmiş və ya formalaşmaqda olan mərkəzlərdə
isə debüt buraxılışlar daha yüksək olub — təxminən 1–1,5 milyard
dollar. Buna Türkiyə — 1,5 milyard dollar, Misir — 1,5 milyard
dollar, Filippin — 1 milyard dollar və Honkonq — 1 milyard dollar
nümunədir.
Ümumilikdə bu səkkiz ölkə Azərbaycanın sukuk bazarındakı
potensialının qiymətləndirilməsi üçün baza rolunu oynayıb. Həmçinin
2035-ci ilə qədər ümumi borc yerləşdirmələri bazarının proqnozu
2025-ci ilin məlumatları əsasında və illik 10 faizlik artım
fərziyyəsi ilə hazırlanıb.

