“Sığortalanan əməliyyatların həcmi 164 milyon dolları ötüb” –

Baş səhifə

İnvestisiya və ixrac kreditlərinin sığortalanması sahəsində fəaliyyət göstərən beynəlxalq maliyyə qurumları Azərbaycanın iqtisadi potensialına marağını artırır. Ölkənin İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasına (ICIEC) üzvlüyü yeni maliyyə alətlərinin tətbiqinə və özəl sektorun dəstəklənməsinə əlavə imkanlar yaradıb.

Metbuat.az xəbər verir ki, bunu İslam İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının (ICIEC) baş direktoru, eyni zamanda Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (ICD) baş direktorunun səlahiyyətlərini icra edən Xalid Xalafalla jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan 2023-cü ildə ICIEC-ə 49-cu üzv ölkə kimi qoşulduqdan sonra tərəflər arasında əməkdaşlıq sürətlə inkişaf edib.

“Azərbaycanın üzvlüyündən sonra ümumi dəyəri 164 milyon ABŞ dolları olan əməliyyatları sığortalamışıq. Bu, ölkə ilə əməkdaşlığımızın uğurlu inkişaf etdiyini göstərir”, – deyə o bildirib.

Xalid Xalafalla qeyd edib ki, İslam İnkişaf Bankı Qrupunun Azərbaycanla uzun illərə söykənən tərəfdaşlıq təcrübəsi mövcuddur. Onun sözlərinə görə, ICD vasitəsilə yerli banklara kredit xətləri təqdim olunub, həmçinin lizinq şirkətlərinə dəstək göstərilib ki, bu da kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirib.

Baş direktor son dövrlərdə telekommunikasiya sektorunun yenidən qurulması istiqamətində mühüm əməliyyatın həyata keçirildiyini də vurğulayıb.

O əlavə edib ki, nəqliyyat və digər infrastruktur layihələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün də ciddi potensial mövcuddur.

“Əvvəllər Qazaxıstandan Azərbaycana dəmir yolu lokomotivlərinin ixracının dəstəklənməsi layihəsini uğurla həyata keçirmişik. Bu, bizim üçün strateji əhəmiyyət daşıyan layihələrdən biri olub. Ümumilikdə, Azərbaycandakı fəaliyyətimizin nəticələrindən məmnunuq və gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq”, – deyə Xalid Xalafalla bildirib.

Gülbəniz Hüseynli / Mətbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir