Ən həssas ölkələr ehtiyac duyduqları maliyyədən 100 dəfə az resurs alır – Elşad İsgəndərov

Baş səhifə

Bakı. Trend:

Az inkişaf etmiş ölkələr iqlim dayanıqlılığı üçün tələb olunan
maliyyənin təxminən 10 faizini əldə edirlər. Bu isə onların real
ehtiyaclarından təxminən 100 dəfə az resurs deməkdir.

Trend-in
tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad
İsgəndərov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci
İllik Toplantısı çərçivəsində təşkil olunan “Yüksək Səviyyəli
Dialoq: “Yardımdan daha çox potensialın inkişafı” – Dayanıqlılıq və
davamlı inkişaf naminə beynəlxalq texniki yardım üzrə AIDA–İİB
tərəfdaşlığı” tədbirində deyib.

Onun sözlərinə görə, son illərdə beynəlxalq tədbirlərin təşkili
və yüksək səviyyəli dialoqların həyata keçirilməsi əhəmiyyətli
dərəcədə asanlaşıb.

“İslam Əməkdaşlıq Təşkilatında (İƏT) rəhbərlik etdiyim dövrü
xatırlayıram. 10 il əvvəl bu cür bir panelin iki həftə ərzində
təşkili çox çətin idi. Bu gün isə nəinki panelin konsepsiyası
hazırlanıb və yüksək səviyyəli iştirakçılar dəvət olunub, həm də
mühüm bir sənədin hazırlanması barədə məlumat verilir. Bu sənəd
AIDA ilə İslam İnkişaf Bankı arasında beynəlxalq texniki yardım
sahəsində əməkdaşlıq çərçivəsini müəyyən edir”, – deyə E.İsgəndərov
bildirib.

O qeyd edib ki, beynəlxalq texniki yardımda iqlim dayanıqlılığı
amili getdikcə daha mühüm rol oynayır.

“Azərbaycanın iqlim diplomatiyası sahəsində qazandığı təcrübə və
biliklər, eləcə də COP29 çərçivəsində irəli sürülən Bakı İqlim və
Sülh Fəaliyyəti Həbi bu istiqamətdə mühüm miraslardan biridir”, –
deyə səfir vurğulayıb.

E.İsgəndərov bildirib ki, COP29 çərçivəsində irəli sürülən
təşəbbüslər xüsusilə ən az inkişaf etmiş ölkələrin üzləşdiyi
çoxşaxəli problemlərə cavab verməyi hədəfləyir.

“Bir çox iqlimə həssas ölkələr eyni zamanda ‘qapalı dairə’ ilə
üzləşir: sülhün olmaması, iqlim fəaliyyətinin zəifliyi və
institusional potensial çatışmazlığı bir-birini daha da
gücləndirir. Münaqişə və kövrək vəziyyətlər səbəbindən bu ölkələr
beynəlxalq maliyyə institutlarından daha az dəstək alır. Halbuki
onların iqlim riskləri daha yüksəkdir”, – deyə o bildirib.

Səfir statistik göstəricilərə də diqqət çəkib.

“Ən iqlim həssas 25 ölkədən 18-i münaqişə və ya kövrək
vəziyyətlərdən əziyyət çəkir və adambaşına təxminən 2,1 dollar
yardım alır. Müqayisə üçün, digər az inkişaf etmiş ölkələrdə bu
göstərici 18 dollardır. Ümumilikdə isə az inkişaf etmiş ölkələr
iqlim dayanıqlılığı üçün tələb olunan maliyyənin təxminən 10
faizini əldə edirlər. Bu isə onların real ehtiyaclarından təxminən
100 dəfə az resurs deməkdir”, – deyə E.İsgəndərov qeyd edib.

Onun sözlərinə görə, ikinci əsas çağırış iqlim maliyyələşmə
sisteminin mürəkkəb və bürokratik olmasıdır.

“Müraciət prosedurları və çoxsaylı vasitəçilər o qədər
mürəkkəbdir ki, ən həssas ölkələr əlavə institusional imkanlar
yaratmağa məcbur qalır. Halbuki onların əsas ehtiyacı birbaşa və
sadələşdirilmiş maliyyəyə çıxışdır”, – deyə o vurğulayıb.

E.İsgəndərov bildirib ki, COP29 çərçivəsində Azərbaycanın əsas
yanaşması müxtəlif tərəfləri bir araya gətirən əməkdaşlıq
platformasının yaradılması olub.

“Donor ölkələr, çoxtərəfli inkişaf bankları, akademik dairələr,
sülh və iqlim təşkilatları bir platformada birləşdirilib. Əsas
məqsəd etimadın gücləndirilməsi və sadə, işlək metodologiyanın
tətbiqidir: kiçik həcmdə pilot layihələr vasitəsilə genişləndirilə
bilən və investisiya üçün cəlbedici modellərin yaradılması”, – deyə
səfir əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir