
Bakı. Trend
Azərbaycan ölkənin digər inkişaf prioritetlərinə xələl
gətirmədən işğaldan azad edilmiş ərazilərə davamlı investisiyalar
yatırmağa imkan tapa bilib.
Trend-in tədbirdən olan müxbirinin məlumatına görə, bunu
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda İslam
İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində
keçirilən dialoq zamanı bildirib.
Nazirin sözlərinə görə, Azərbaycan regionda sülhün bərpası
mərhələsindədir. O qeyd edib ki, ərazi bütövlüyü iqtisadi siyasətin
proqnozlaşdırıla bilməsinə və sabitliyinə çox müsbət təsir
göstərir.
Cabbarov bildirib ki, Azərbaycan ölkənin digər inkişaf
prioritetlərində hər hansı azalmaya yol vermədən işğaldan azad
edilmiş ərazilərə investisiyaları davam etdirməyə imkan tapa
bilib.
“Əhəmiyyətli makroiqtisadi ehtiyat və dövlət maliyyəsinin idarə
olunmasının keyfiyyəti sadəcə təhlükəsizlik yastığı deyil. Bunlar
bizə daha uzunmüddətli özünüödəmə dövrünə malik investisiyalardan
söhbət gedəndə daha cəsarətli addımlar atmağa imkan verir”, — deyə
nazir bildirib.
Cabbarov həmçinin qeyd edib ki, Azərbaycan İİB ilə yeni birgə
layihələrin perspektivinə və daha sıx əməkdaşlığa böyük həvəslə
yanaşır. Bu əməkdaşlıq, o cümlədən özəl sektor sahəsini əhatə edir.
Nazir vurğulayıb ki, özəl sektor bu gün həm üzv dövlətlər, həm də
bankın özü üçün əsas prioritetlərdən biridir.

