
“Qalatasaray”ın ulduz futbolçusu Viktor Osimen son vaxtlar barəsində yayılan transfer iddialarına aydınlıq gətirib. Nigeryalı qolçu İstanbul klubunda xoşbəxt olduğunu və komandada qalacağını açıqlayıb.
Metbuat.az xəbər verir ki, Romeo WJ-nin “Twitch” yayımında qonaq olan Osimen bildirib: “Qalatasaray”da çox xoşbəxtəm. Burası mənə cənnət kimi gəlir. Klubla və azarkeşlərlə aramızda qarşılıqlı hörmət var. Onlar bu hörməti təkcə mənə deyil, mənimlə bağlı olan hər kəsə göstərirlər. Səhər oyananda üzümdə böyük bir təbəssüm olur. Bu formanı hər dəfə geyinəndə “Qalatasaray” üçün ürəyimlə oynayıram”.
Ulduz oyunçu azarkeşlərdən aldığı ən yaddaqalan hədiyyə barədə danışarkən emosional anlar yaşayıb. Bir səfər matçında baş verən hadisəni xatırladan futbolçu deyib: “Bir qadın və oğlu mühafizə səddini keçməyə çalışırdı, təhlükəsizlik əməkdaşları isə onları saxlamaq istəyirdi. Birdən anamın portretini havaya qaldırdıqlarını gördüm. Anamın üzünü görən kimi mühafizəçilərə dərhal dayanmalarını və onlara icazə vermələrini söylədim. İstanbuldakı evimdə azarkeşlərdən gələn çoxlu hədiyyələr var, amma o xüsusi hədiyyə mənim üçün həqiqətən çox dəyərlidir”.
Bu açıqlamaları ilə Osimen həm transfer şayiələrinə son qoyub, həm də “Qalatasaray” azarkeşlərinin könlünü bir daha fəth edib.

