Paşinyan müxalifəti hədələdi: “Kökünü qazıb məhv edəcəm!”

Baş səhifə

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə “hökumətlə sual-cavab” sessiyası müxalifəti hədələyib.

Modern.az-ın məlumatına görə, Paşinyan bildirib ki, hazırda ölkəni təhdid edən yeganə təhlükə üçbaşlı müharibə partiyasının (“Güclü Ermənistan” bloku, “Ermənistan” bloku və “Çiçəklənən Ermənistan” Partiyası) və onların əlaltılarının fəaliyyətidir.

Onun sözlərinə görə, Azərbaycanla sülh İrəvan və Bakı tərəfindən Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanımaq prinsipi əsasında qurulub.

“İndi üçbaşlı müharibə partiyası bu sülh müqaviləsini şübhə altına alır”, – deyə Paşinyan adları çəkilən müxalif qüvvələri nəzərdə tutaraq qeyd edib.

Baş nazir deyib ki, 7 iyun parlament seçkilərində hakim “Vətəndaş müqaviləsi” partiyasının Ermənistan vətəndaşlarından 700 mindən çox səs alması onların sülh gündəliyinə sadiqliyindən xəbər verir. O qeyd edib ki, seçkilər nəticəsində parlamentə daxil olan “Güclü Ermənistan” və “Ermənistan” bloklarının üzvləri casus şəbəkəsinin nümayəndələridir və səsləri seçki rüşvəti ilə əldə ediblər.

Baş nazirin sözlərinə görə, bu casus şəbəkəsi dağıdılmalıdır. “Əks halda, onlar münaqişəni canlandırmaq və müharibəni yenidən başlatmaq üçün hər şeyi edəcəklər”.

“Biz indi vəziyyəti inamla idarə edirik, amma xalqımız da bunu başa düşməlidir”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.

Paşinyan deyib ki, Ermənistanın gələcəyinə qarşı hər hansı bir təhlükə kökündən aradan qaldırılmalıdır.

“Bu təhdidlərin adları var: Robert Köçəryan, Kaluqa oliqarxı (“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan-red.) və Belarus oliqarxı (“Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Sarukyan-red.) Mən baş nazir olduğum müddətdə onları kökündən, fərdi və məqsədyönlü şəkildə məhv edəcəyəm”.

Paşinyan deyib ki, Ermənistanda yeni hpkumət quruculuğu prosesini artıq dayandırmaq mümkün deyil.
 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir