Əl-Casir Prezident İlham Əliyevə təşəkkür edib

Baş səhifə

Bakı. Trend:

İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman
Əl-Casir Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına
təşəkkürünü bildirib.

“Zati-aliləri, cənab Prezident, iclaslarımızın keçirilməsinə
göstərdiyiniz dəstəyə, eləcə də Azərbaycan hökumətinə və xalqına
qonaqpərvərliyə və səmimi qarşılanmaya görə bir daha dərin
minnətdarlığımı bildirmək istərdim”, – deyə o, Bakıda İİB Qrupunun
İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı
bildirib.

İİB Qrupunun nailiyyətlərindən danışan Əl-Casirqeyd edib ki,
təşkilat hər il təsdiqlənən maliyyələşdirmənin həcmini iki dəfədən
çox artırıb. Belə ki, bu göstərici 2020-ci ildə 6,8 milyard
dollardan 2025-ci ildə təxminən 16 milyard dollara çatıb. Eyni
zamanda, faktiki ödənişlərin həcmi 7,1 milyard dollardan 11 milyard
dollara yüksəlib.

“Lakin bildiyiniz kimi, inkişaf yalnız yatırılan milyardlarla
dollarla ölçülmür. Onun əsas meyarı insanların həyatında baş verən
dəyişikliklər və yenidən doğan ümiddir. Son beş il ərzində
həmkarlarım və mən İİB Qrupunun üzv ölkələrimiz üçün əhəmiyyətini
artırmaq, institusional idarəetməni gücləndirmək və qrupun
uzunmüddətli dayanıqlığını təmin etmək üçün yorulmadan
çalışmışıq.

Biz əvvəlki strategiyaya düzəlişlər etdik, tərəfdaşlıqlara yeni
impuls verdik və İslam İnkişaf Bankı Qrupunun dünyanın aparıcı
çoxtərəfli inkişaf bankları arasında mövqeyini gücləndirdik. Bundan
əlavə, biz 2026–2035-ci illəri əhatə edən, özünəməxsusluq,
həmrəylik və gələcək nəsillərin rifahı prinsiplərinə əsaslanan
onillik strateji çərçivə proqramını işə saldıq.

Bu uzunmüddətli baxış artıq həm bankın, həm də qrup
strukturlarının yeni beşillik korporativ strategiyaları vasitəsilə
praktiki mərhələyə keçirilir. Bu strategiyalar 2026–2030-cu illər
üçün iddialı kurs müəyyən edir və onların icrasına hazırkı
toplantılar başa çatdıqdan dərhal sonra başlanılacaq”, – deyə o
qeyd edib.

Əl-Casir həmçinin İİB-nin Güzəştli Fondunun (IsDB Concessional
Fund) əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, fond artıq
fəaliyyətə başlayıb və ən həssas ölkələrə aktual inkişaf
çağırışlarının həllində kömək etməklə yüksək sosial-iqtisadi təsirə
malik yeni nəsil layihələri dəstəkləyir.

“Bizim yanaşmamız ölkələrin özləri tərəfindən formalaşdırılan
həllərə əsaslanacaq, investisiyalar isə üzv dövlətlərin
prioritetlərinə və inkişaf məqsədlərinə uyğun olacaq. Kursumuz
aydındır: miqyası təmin etmək, keyfiyyəti təmin etmək və vahid qrup
kimi fəaliyyət göstərmək.

Lakin heç bir təşkilat, strategiyası və baxışı nə qədər güclü
olsa da, onun missiyasını hər gün həyata keçirən insanların
fədakarlığı olmadan əhəmiyyətli nəticə əldə edə bilməz.
Qeyri-müəyyənlik, parçalanma və həssaslığın artması ilə xarakterizə
olunan dünyada həmrəylik artıq seçim deyil, zərurətə çevrilib”, –
deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir