
Bakı. Trend:
Qlobal sukuk bazarının həcmi 2030-cu ilə qədər 1,8 trilyon
dollara çata bilər.
Trend-in
tədbirdəki müxbiri xəbər verir, bunu Malayziyanın Mərkəzi Bankının
müavini Adnan Zeylani Zahid İslam İnkişaf Bankı (İİB) Qrupunun
51-ci İllik Toplantıları çərçivəsində bildirib.
Onun sözlərinə görə, dünya sukuk bazarı son iki onillik ərzində
İslam maliyyəsinin niş seqmentindən tam hüquqlu qlobal aktiv
sinfinə və uzunmüddətli maliyyələşmə alətinə çevrilib.
“Bir zamanlar İslam maliyyəsinin niş seqmenti kimi başlayan bu
bazar bu gün dünya iqtisadiyyatları üçün qlobal aktiv sinfinə,
likvidlik təminatı və uzunmüddətli maliyyələşmə alətinə çevrilib.
Dünya sukuk bazarının ümumi həcmi artıq 1 trilyon dolları
keçib.
Qlobal sukuk bazarı dövriyyədəki alətlər üzrə 1 trilyon dolları
ötüb və on il əvvəlki göstəricilərlə müqayisədə təxminən beş dəfə
artıb. 2030-cu ilə qədər bu rəqəmin 1,8 trilyon dollara çatması
gözlənilir”, — deyə o bildirib.
Malayziyanın Mərkəzi Bankının müavini qeyd edib ki, dünya
iqtisadiyyatının infrastruktur investisiyalarına olan ehtiyacı
kapitalın səfərbər edilməsinə yeni yanaşmalar tələb edir.
“Dövlət maliyyəsi artıq kifayət deyil, xüsusilə 2040-cı ilə
qədər 15 trilyon dollar olaraq qiymətləndirilən qlobal
infrastruktur maliyyələşməsi kəsiri fonunda. İslam maliyyə alətləri
uzunmüddətli infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün
yüksək potensial daşıyır. İslam maliyyə alətləri, xüsusilə
sukuklar, daha davamlı və sabit iqtisadi artım üçün möhkəm əsas
təmin edir”, — deyə o bildirib.
Onun sözlərinə görə, sukuklar artıq dünyanın müxtəlif
ölkələrində əsas infrastrukturun inkişafında mühüm rol oynayıb.
A.Zahid qeyd edib ki, sukuklar hesabına bərpa olunan enerji
obyektləri, logistika təchizat zəncirləri, rəqəmsal rabitə
şəbəkələri, həmçinin dəmiryolu və şəhər nəqliyyat sistemləri daxil
olmaqla nəqliyyat infrastrukturu maliyyələşdirilir.
O bildirib ki, Malayziyada 2025-ci ildə sukuklar vasitəsilə real
iqtisadiyyata 34 milyard dollardan çox investisiya yönəldilib.
Həmçinin o qeyd edib ki, 2025-ci ilin sonuna olan məlumata görə
dövriyyədəki davamlı və ESG-bağlı sukukların həcmi təxminən 70
milyard dollar olaraq qiymətləndirilir ki, bu da kapitalın ekoloji
və sosial cəhətdən əhəmiyyətli layihələrə artan axınını əks
etdirir.

