
Bakı. Trend:
Misir sukuk buraxılışı sahəsində uğurlu təcrübəyə malikdir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Misirin planlaşdırma və
iqtisadi inkişaf naziri, İslam İnkişaf Bankı (İİB) Qrupunda Misiri
təmsil edən idarəçi Ahmed Rostom Bakıda keçirilən İslam İnkişaf
Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində “Etikentlənmiş sukuk – növbəti hüdud” mövzusunda keçirilən tədbirdə
deyib.
Onun sözlərinə görə, 5 milyard dollar həcmində beynəlxalq
suveren sukuk proqramı çərçivəsində Misir 1,5 milyard dollar
dəyərində 3 illik emissiya yerləşdirib.
“Bu emissiyaya tələb təklifi təxminən 4 dəfə üstələdi, və
maliyyə vəsaitlərinin cəlb olunma dəyəri ənənəvi borclanma
alətlərimizlə müqayisədə təxminən 70 baza bəndi daha aşağı oldu”, –
deyə o bildirib.
Rostom qeyd edib ki, bu, Misir üçün böyük uğur olub və ölkənin
bu bazara çıxışını təmin edərək gələcəkdə istifadə ediləcək mühüm
təcrübə qazandırıb.
“Biz yalnız beynəlxalq səviyyə ilə kifayətlənmədik. Daxili
bazarda da milli qiymətli kağızların buraxılmasını nəzərdən
keçiririk, çünki burada böyük tələb mövcuddur. Bu, özəl sektorun da
korporativ sukuklar vasitəsilə maliyyə cəlb etməsinə təkan verib”,
– deyə nazir bildirib.
O əlavə edib ki, markalanmış sukuk konsepsiyası İslam
maliyyəsinin prinsipləri ilə tam uyğunluq təşkil edir və ESG (ətraf
mühit, sosial və idarəetmə) yanaşmalarını birləşdirir.
“Bu prinsiplər İslam maliyyəsinin və xüsusilə sukuk alətinin
əsasına üzvi şəkildə inteqrasiya olunub. Buna görə də markalanmış
sukuk kimi məhsullarla bazara çıxış adətən çox uğurlu olur”, – deyə
o vurğulayıb.

