“23 milyard dollardan çox vəsait cəlb etmişik” –

Baş səhifə

“Türkiyə indiyədək beynəlxalq suveren sukuk emissiyaları vasitəsilə qlobal investorlardan 23 milyard ABŞ dollarından çox vəsait cəlb edib”.

Metbuat.az xəbər verir ki, bunu Türkiy Xəzinə və Maliyyə Nazirliyinin nazir müavini Osman Çəlik çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyənin əsas hədəflərindən biri investor bazasını şaxələndirmək olub.

“Sukuk emissiyaları Körfəz regionu və Asiyadan olan, adətən ənənəvi istiqraz buraxılışlarında iştirak etməyən investorları cəlb etməyə imkan verdi. Bu, investor bazamızın genişlənməsinə və beynəlxalq kapital bazarlarına çıxışımızın güclənməsinə mühüm töhfə verdi”, – deyə Osman Çəlik qeyd edib.

Nazir müavini bildirib ki, Türkiyə maliyyələşmədə həm sukuk, həm də ənənəvi istiqrazlardan istifadə etməyə davam edir.

“Biz sukuku və ənənəvi istiqrazları bir-birini tamamlayan maliyyə alətləri hesab edirik. Bu yanaşma maliyyələşmə mənbələrinin şaxələndirilməsinə imkan yaradır”, – deyə o vurğulayıb.

Osman Çəlik əlavə edib ki, Türkiyədə sukuk bazarı artıq yalnız dövlət emissiyaları ilə məhdudlaşmır. Onun sözlərinə görə, iştirak bankları, korporativ şirkətlər və bəzi dövlət qurumları da bu bazara uğurla daxil olub və onların sukuk emissiyalarının ümumi həcmi 5 milyard ABŞ dollarına yaxınlaşıb.

Nazir müavini Türkiyənin dayanıqlı maliyyə sahəsində də mühüm addımlar atdığını bildirib. O qeyd edib ki, 2021-ci ildə ölkənin Dayanıqlı Maliyyə Çərçivəsi qəbul edilib və bu çərçivə beynəlxalq standartlara uyğun yaşıl, sosial və dayanıqlı maliyyə alətlərinin buraxılmasına imkan yaradıb.

“Bu çərçivə əsasında 2023-cü ildə 2,5 milyard ABŞ dolları həcmində ilk suveren yaşıl istiqrazımızı uğurla yerləşdirdik. Gələcəkdə də sukuku investorların şaxələndirilməsi, kapital bazarlarının inkişafı və uzunmüddətli maliyyələşmə üçün əsas alətlərdən biri kimi istifadə etməyə davam edəcəyik”, – deyə Osman Çəlik əlavə edib.

Gülbəniz Hüseynli /Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir