
Bakı. Trend:
Abşeronda oğurluq edən şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat
yayıb.
Bildirilib ki, rayon ərazisində müxtəlif ünvanlarda oğurluq
hadisələri törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.
“Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində
müxtəlif ünvanlarda oğurluq hadisələri törətməkdə şübhəli bilinən
Tural Heydərli, Səid Qasımov, Binyət Bayramlı, İsmayıl Xıdırov və
Rasif Əliyev saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar
müxtəlif ünvanlardan ümumi dəyəri 19 min manat olan elektrik
naqillərini oğurlayıblar. Həmçinin saxlanılan şəxslərin digər bir
həyətyanı sahədən elektrik mühərrikləri və müxtəlif avadanlıqlar
taladıqları da müəyyən edilib. Keçirilən digər tədbir zamanı
saxlanılan Rasif Əliyevin isə rayon ərazisində yerləşən
marketlərdən birindən tütün məmulatları, lotereya biletləri və pul
oğurladığı da məlum olub. Faktlarla bağlı araşdırmalar davam
etdirilir”, – deyə mətbuat xidmətinin məlumatında qeyd edilib.

