
Xəbər verdildiyi kimi, ABŞ və İran arasında müharibənin dayandırılması və münasibətlərin normallaşdırılmasına yönəlmiş 14 maddəlik memorandum imzalanıb.
Metbuat.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian sənədi rəqəmsal formada imzalayıblar və memorandum qüvvəyə minib. ABŞ-nin hökümət rəsmisi memorandumun maddələrini açıqlayıb.
Maddələrin əsas məzmununu təqdim edirik:
1. Tərəflər bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal və daimi dayandırıldığını elan edir, bir-birinə qarşı müharibə və hərbi əməliyyatlara başlamamağı öhdələrinə götürürlər.
2. ABŞ və İran bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcək, daxili işlərinə qarışmayacaqlar.
3. Tərəflər yekun sazişi ən geci 60 gün ərzində hazırlayıb imzalamağı planlaşdırırlar.
4. ABŞ İran əleyhinə tətbiq edilən dəniz blokadasını mərhələli şəkildə aradan qaldıracaq və 30 gün ərzində tam dayandıracaq. Yekun sazişdən sonra sərhəd yaxınlığındakı qüvvələrini geri çəkməyi də öhdəsinə götürür.
5. İran Hörmüz boğazı və ətraf sularda ticarət gəmilərinin təhlükəsiz və maneəsiz hərəkəti üçün zəruri tədbirlər görəcək.
6. ABŞ və regional tərəfdaşları İranın yenidən qurulması və iqtisadi inkişafı üçün ən azı 300 milyard dollarlıq proqram hazırlayacaq.
7. ABŞ yekun saziş çərçivəsində BMT, MAQATE və ABŞ tərəfindən tətbiq edilən sanksiyaların ləğvi istiqamətində addımlar atmağı öhdəsinə götürür.
8. İran nüvə silahı əldə etməyəcəyini və hazırlamayacağını bir daha təsdiqləyir. Zənginləşdirilmiş nüvə materiallarının taleyi MAQATE-nin nəzarəti altında həll olunacaq.
9. Yekun saziş imzalanana qədər İran nüvə proqramında mövcud vəziyyəti qoruyacaq, ABŞ isə yeni sanksiyalar tətbiq etməyəcək və bölgəyə əlavə hərbi qüvvə göndərməyəcək.
10. ABŞ İran nefti və neft məhsullarının ixracı ilə bağlı bir sıra məhdudiyyətlərə istisnalar tətbiq etməyi planlaşdırır.
11. ABŞ İranın dondurulmuş vəsait və aktivlərinin istifadəyə açılmasını təmin etməyi öhdəsinə götürür.
12. Memorandumun icrasına nəzarət üçün xüsusi mexanizm yaradılacaq.
13. Memorandumun bəzi maddələrinin icrasına başlanıldıqdan sonra tərəflər yekun saziş üzrə danışıqları davam etdirəcəklər.
14. Yekun saziş BMT Təhlükəsizlik Şurasının məcburi qərarı ilə təsdiqlənəcək.

