
Bakı. Trend:
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş
Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin müvafiq əmrinə
əsasən, Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross üzrə birincilik
keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat
verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışın ilk günündə komandaların tərkibi yoxlanılıb,
birinciliyin ardıcıllığını təmin etmək üçün püşkatma keçirilib.
Birincilik uğrunda mübarizə aparan hərbi qulluqçular 11 komanda
tərkibində atış, qumbaraatma və 3 kilometr məsafəyə kross qaçışı
üzrə yarışlarda güclərini sınayıblar.
İdmançıların topladığı nəticələrə uyğun olaraq fərdi və komanda
hesabı uğrunda yerlər hakimlər tərəfindən müəyyən edilib.
Sonda qalib komandalar və fərdi hesabda fərqlənənlər diplom,
kubok və medallarla mükafatlandırılıb, xatirə fotosu
çəkdirilib.

