
Bakı. Trend:
“4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 3-cü
mərhələsinə start verilib. Dünyanın 375-dən çox nüfuzlu
universiteti və qabaqcıl texnologiya şirkətinin 21 mindən çox
təliminə qeydiyyat başladı.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye
İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil
Nazirliyinin tabeliyində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi
tərəfindən ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirilən
“4Sİ Akademiyası – Milli Proqram”ın müddəti daha bir il
artırıldı. Vətəndaşlar proqram
çərçivəsində “Coursera” onlayn təlim platformasında
dünyanın aparıcı universitetləri və texnologiya şirkətlərinin
təlimlərindən ödənişsiz yararlana biləcəklər.
Artıq proqramın əhatə dairəsi daha da genişləndirilib. Əvvəlki
mərhələlərdə vətəndaşlara təqdim olunan 18 mindən çox
təlimə daha 3 min təlim əlavə olunub. Beləliklə, proqrama
qoşulanlar müxtəlif istiqamətlər üzrə 21 mindən çox
təlimdən istədiklərini seçmək və 6 həftə ərzində
platformadan ödənişsiz yararlanmaq imkanı əldə edəcəklər.
Bununla yanaşı, pr Azərbaycan dilində altyazı ilə təqdim olunan
2500 kursa daha 750 təlim əlavə olunacaq. 15 təlim
isə dublyaj olunub.
“4Sİ Akademiyası – Milli Proqram” çərçivəsində təqdim olunan
təlimlər dünyanın 375-dən çox aparıcı universiteti və
texnologiya şirkəti tərəfindən hazırlanıb. Bu tərəfdaşlar
sırasında Stanford, Oksford, Yel, Dyuk, Miçiqan, London
universitetləri, həmçinin “Google”, IBM,
“Microsoft”, “Meta”, “Amazon Web Services” və
“DeepLearning.AI” kimi qlobal texnologiya şirkətləri və
təhsil təminatçıları yer alır.
Proqramın məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi
sürətləndirmək üçün dördüncü sənaye inqilabı texnologiyaları
sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək
bazarında rəqabətli insan kapitalının formalaşdırılmasına dəstək
olmaqdır. Yeni mərhələdə iştirakçılar data analitikası,
kibertəhlükəsizlik, blokçeyn, sahibkarlıq, proqramlaşdırma,
generativ süni intellekt, prompt mühəndisliyi, layihə idarəetməsi,
rəqəmsal iqtisadiyyat və digər aktual sahələr üzrə bilik
və bacarıqlarını inkişaf etdirə biləcəklər.
Qeyd edək ki, bundan əvvəlki mərhələdə proqram çərçivəsində
mühüm nəticələr əldə olunub. Belə ki, 1 aprel 2025 – 31
mart 2026-cı il tarixlərini əhatə edən dövrdə 67
mindən çox istifadəçi proqrama qoşulub və onlar
platformada 107 759 təlimi uğurla başa vuraraq beynəlxalq
sertifikatlar əldə ediblər. Azərbaycan dilinə tərcümə
olunmuş kurslardan 18 600-dən çox istifadəçi
faydalanıb və ümumilikdə 41 700 təlimi
tamamlayıblar.
Əvvəlki mərhələdə tamamlanmış kurslar üzrə ən çox maraq
göstərilən istiqamətlər arasında liderlik və idarəetmə,
data analitikası, süni intellekt, biznes strategiyası, proqram
təminatı, maşın öyrənməsi, dil və kommunikasiya bacarıqları,
maliyyə və marketinq, kibertəhlükəsizlik kimi sahələr yer
alıb.
Proqramın ikinci mərhələsinin iştirakçıları arasında aparılmış
sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edən 2261
nəfərin 92,1 faizi layihədən məmnun olduğunu, 99,2
faizi isə proqramın davam etdirilməsini dəstəkləyib.
Bundan əlavə, respondentlərin 47,9 faizi proqramın
onların iş performansını artırdığını, 20,7 faizi
əldə etdikləri bilik və bacarıqlarının əmək haqqına təsir etdiyini,
16,9 faizi isə iş yerində vəzifə yüksəlişi əldə
etdiyini qeyd edib.
Proqram dövlət və özəl sektorun tərəfdaşlığı əsasında icra
olunacaq. “Pasha Holding”, SOCAR, “Total Energies”, XRG,
JOCAP, “Norm Sement”, “Smart Solutions Group” və “B2B
Group” şirkətləri korporativ sosial məsuliyyət
çərçivəsində proqramın yeni mərhələsinin tərəfdaşları qismində
çıxış edirlər.
Proqrama qoşulmaq üçün vətəndaşlar https://form.4sim.gov.az/
linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

