
Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Co Baydenin oğlu Hanter Bayden
Kaliforniyadakı bir reabilitasiya mərkəzində məsləhətçi və
müəssisənin xeyriyyə fondunun icraçı direktoru vəzifəsinə təyin
edilib.
Xarici media yazır ki, Hollivud Hilsdə yerləşən “Peak Path
Health” varlı müştəriləri hədəf alaraq alkoqol və narkotik
asılılığı ilə işləməkdə ixtisaslaşıb. Mərkəzin məlumatına görə,
2026-cı ilin iyun ayında yeddi illik ayıqlığını qeyd edən Hanter
Bayden həm şəxsi təcrübə, həm də bərpa və davranış sağlamlığı
müalicəsi xidmətlərini daha əlçatan etmək iddiası ilə
işləyəcək.
Hanter Bayden illərdir ki, diqqətdən kənarda qalsa da, daim
qalmaqallara adı qarışıb. O, digər məsələlərlə yanaşı, vergidən
yayınmaqda da ittiham olunurdu. 2024-cü ildə odlu silah qaydalarını
pozmaqda təqsirli bilinib. Prezident Co Bayden oğlu üçün əfv
fərmanı imzalayıb və onu 1 yanvar 2014-cü il ilə 1 dekabr 2024-cü
il arasında törədilmiş bütün cinayətlərdən azad edib.
Hanter Bayden özü vəkillərə və kreditorlara 17 milyon dollar
borclu olduğunu etiraf edib. Bu ilin aprel ayında onun hazırkı
vəkili Baydenin maliyyə çətinliyi və xaricdə yaşaması səbəbindən
keçmiş vəkillərinə borcunu ödəyə bilmədiyini bildirib. Bəzi
məlumatlara görə, o, həyat yoldaşının vətəni Cənubi Afrikada
yaşayır.
Hanter Baydenin yeni işində nə qədər qazanacağı, uzaqdan işləyə
biləcəyi və ya Kaliforniyaya köçməli olub-olmayacağı hələlik məlum
deyil.

