
Bakı. Trend:
Orta Dəhliz layihələrinin uğurla həyata keçirilməsi üçün aydın
normativ-tarif bazası, risklərin düzgün bölüşdürülməsi və şəffaf
tender prosedurları zəruridir.
Trend-in
tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, bu barədə
Asiya İnkişaf Bankı-nın regional əməkdaşlıq və inteqrasiya
şöbəsinin baş direktoru Çon U Kanq İslam İnkişaf Bankı Qrupunun
14-cü Özəl Sektor Forumunda bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz layihələri yalnız infrastruktur
təşəbbüsləri kimi deyil, həm də iqtisadi fəallığın
stimullaşdırılması və özəl sektorun inkişafı üçün bir vasitə kimi
qiymətləndirilməlidir. Çon U Kanq qeyd edib ki, ilk vacib şərt
aydın normativ və tarif sisteminin mövcudluğudur.
“İnvestorlar proqnozlaşdırıla bilən mühiti üstün tuturlar. Buna
görə də aydın hüquqi baza, şəffaf tarif formalaşdırılması
mexanizmləri və konsessiya sazişləri özəl kapitalın cəlb edilməsi
üçün həlledici əhəmiyyət daşıyır. İkinci əsas amil layihə
iştirakçıları arasında risklərin düzgün bölüşdürülməsidir. Xüsusilə
siyasi risklər dövlət tərəfindən öz üzərinə götürülməli və ya
çoxtərəfli inkişaf banklarının zəmanətləri hesabına azaldılmalıdır.
Tələb tərəfdən yaranan risklər isə minimum gəlir zəmanəti kimi
alətlər vasitəsilə maraqlı tərəflər arasında bölüşdürülə bilər.
Bundan əlavə, müvafiq hedcinq mexanizmləri vasitəsilə valyuta
risklərinin azaldılması da mühüm element olaraq qalır”, – deyə o
bildirib.
AİB rəsmisi layihələrin uğurunun üçüncü şərti kimi rəqabətli və
şəffaf tenderlərin keçirilməsini göstərib.
“Açıq satınalma prosedurları ixtisaslı iştirakçıların cəlb
edilməsinə və vəsaitlərdən səmərəli istifadənin təmin olunmasına
imkan yaradır. Eyni zamanda, AİB iştirakçıların ilkin seçimi,
təkliflərin qiymətləndirilməsi və müqavilələrin idarə olunması
daxil olmaqla satınalma prosedurlarının hazırlanmasına dəstək
göstərir.
AİB “yaşıl” istiqrazlar, dayanıqlı inkişaf istiqrazları və
dayanıqlılıq göstəricilərinə bağlı istiqrazların buraxılışına
dəstək sahəsində böyük təcrübəyə malikdir. Xüsusilə Cənubi Asiyada
uğurla tətbiq olunan bu təcrübə Orta Dəhliz layihələrinin
hazırlanması zamanı Mərkəzi Asiyada da istifadə oluna bilər”, –
deyə o vurğulayıb.
O, həmçinin Orta Dəhliz çərçivəsində təşəbbüslərin həyata
keçirilməsinə dəstək məqsədilə regionun bütün maraqlı tərəfləri ilə
gələcək əməkdaşlığa AİB-in hazır olduğunu bildirib.

