“Tullantı suları problem yox, resurs ola bilər” –

Baş səhifə

“Tullantı suları və ətraf mühitin monitorinqi sahəsində uğurlu nəticələr əldə etmək üçün ilk növbədə bütün aidiyyəti qurumları bir araya gətirən vahid platforma yaradılmalıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı il İllik Toplantıları çərçivəsində keçirilən “Regional sağlamlıq təhlükəsizliyinə investisiya: Tullantı suları və ətraf mühitin monitorinqinə fokus” mövzusunda panel müzakirəsində çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Strategiya, Beynəlxalq Əməkdaşlıq və Elm Departamentinin rəhbəri Riad Axundzadə səsləndirib.

O bildirib ki, qərarvermə prosesinin daha səmərəli təşkili üçün yalnız su təsərrüfatı qurumları deyil, Səhiyyə, Maliyyə, İqtisadiyyat, Ekologiya nazirlikləri və digər dövlət qurumları da vahid platformada təmsil olunmalıdır.

“Tullantı sularının idarə olunması sahəsində uğurun əsas şərtlərindən biri dayanıqlı maliyyələşmə və texniki potensialın gücləndirilməsidir. Azərbaycan hökuməti ötən gün OPEC Fondu ilə tullantı sularının təmizləyici qurğusunun tikintisinə dair saziş imzalayıb. Su və kanalizasiya infrastrukturu yalnız infrastruktur layihəsi kimi qiymətləndirilməməlidir. Bu layihələr ətraf mühitin qorunmasına, su ehtiyatlarının keyfiyyətinin yaxşılaşmasına, ictimai sağlamlığın möhkəmlənməsinə və əhalinin sosial rifahının yüksəlməsinə mühüm töhfə verir”.

Bildirilib ki, Azərbaycanın su ehtiyatları məhduddur və ölkə transsərhəd su mənbələrindən əhəmiyyətli dərəcədə asılıdır:

“Bu səbəbdən tullantı sularının müasir standartlara uyğun təmizlənməsi alternativ su mənbələrinin formalaşdırılması və mövcud su ehtiyatlarının daha səmərəli idarə olunması baxımından strateji əhəmiyyət daşıyır.

Bu sahədə əsas çağırışlardan biri qərarvermə prosesində kommunikasiyanın və sektorlararası koordinasiyanın təmin edilməsidir. Müxtəlif ölkələrdə qurumların fərqli hədəfləri, büdcə bölgüsü, iş metodları və hesabatlılıq mexanizmləri mövcuddur ki, bu da vahid yanaşmanın formalaşmasını çətinləşdirir.

Bununla belə, belə platformalar bütün tərəflərin bir araya gəlməsi, təcrübə mübadiləsi aparması və digər ölkələrin səhvlərindən nəticə çıxarması baxımından mühüm əhəmiyyət daşıyır”.

Gülbəniz Hüseynli / Mətbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir