
Bakı. Trend:
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Bakı
Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki,
Fərhad Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Bakı
Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası
Konstitusiyasının 13-cü maddəsinin I hissəsinin və 29-cu maddəsinin
I və II hissələrinin tələbləri baxımından Mülki Məcəllənin 329.1,
337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
“Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Quliyevin
məruzəsini, Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli
Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Sumqayıt Apellyasiya
Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi,
Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi, Vəkillər
Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki
hüquq kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent
Ş.Yusifovun və həmin kafedranın doktorantı H.İrzayevin rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib”, –
məlumatda qeyd olunur.
Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının
13, 29 və 60-cı maddələrinin, Mülki Məcəllənin 329.1 və 337.1-ci
maddələrinin hüquqi mahiyyəti və təyinatından irəli gələrək Mülki
Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan borc müqaviləsinin
yazılı forma tələbinin həmin Məcəllənin 329.1-ci maddəsi üzrə
qanunla müəyyən edilmiş “başqa hal”a aid edilməsi üçün müvafiq
dəyişikliklərin həyata keçirilməsi Milli Məclisə tövsiyə
olunsun.
“Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının
təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə
əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki
şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə
borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı
sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna
edilməməlidir.
Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar
qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında
yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında
olan mübahisələr üzrə işlərə şamil edilsin.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan
və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir
edilə bilməz”, – Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən
bildirilib.

