
Bakı. Trend:
Azərbaycanda ictimai dinləmə və müzakirələrin təşkilinin
Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən də həyata
keçirilməsi mümkün olacaq.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bu, Milli Məclisin bugünkü
iclasında müzakirə olunan “Azərbaycan Respublikası Milli Məclisi
Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İctimai
iştirakçılıq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun
layihəsində öz əksini tapıb.
Bildirilib ki, dəyişikliklər ictimai dinləmə və müzakirənin
təşkili prosesinin EHİS üzərindən də həyata keçirilməsinin
qanunvericilik əsaslarının yaradılmasını özündə ehtiva edir.
Belə ki, təklif edilən dəyişikliklərlə müvafiq subyektlər
tərəfindən həyata keçirilən bir sıra hərəkətlərin (ictimai
dinləmənin və ictimai müzakirənin təşkili və keçirilmə tarixi
barədə məlumatlandırılma, ictimai şuraya namizədlərin irəli
sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtı,
ictimai dinləmənin və ictimai müzakirənin keçirilməsi barədə elan),
habelə Milli Məclis Aparatında qeydiyyata alınmış qanun layihələri
ilə bağlı əlaqəli məlumatların EHİS vasitəsilə açıqlanmasının təmin
edilməsi nəzərdə tutulur.
“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik
təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Qanuna
təklif edilən dəyişikliklər də eyni qəbildən olan dəyişikliklərdir
və qanunvericilik təşəbbüsü hüququndan istifadənin elektron qaydada
təşkili zamanı yaranan prosedurların EHİS vasitəsilə də həyata
keçirilməsinin (sənədlərin və məlumatların Mərkəzi Seçki
Komissiyasına təqdim edilməsi, təşəbbüs qrupu sədrinin EHİS-dəki
elektron kabinetindən istifadə, elektron poçt və ya SMS vasitəsilə
məlumatlandırılma və s) hüquqi əsaslarını müəyyən edir.
Qeyd edilib ki, əklif edilən dəyişikliklər qanunvericilikdə
mövcud olan hazırki prosedurların həyata keçirilməsində vaxt
itkisinin qarşısının azaldılmasına, şəffaflığa və vətəndaş
məmnunluğunun təmin edilməsinə xidmət edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq
birinci oxunuşda qəbul edilib.

