
Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən
son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı,
Gəncə şəhərlərində, Abşeron, Xaçmaz və İsmayıllı rayonları
ərazilərində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar
olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Mətbuat
Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Binəqədi rayonu
Xocəsən qəsəbəsi Vüsal Məhərrəmov küçəsində, Gəncə şəhəri Gülüstan
qəsəbəsi Bülbül küçəsində, Abşeron rayonu Xırdalan şəhəri
H.Z.Tağıyev küçəsində, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində,
Quba rayonu Təngəaltı, Xaçmaz rayonu Çaykənarı və İsmayıllı rayonu
Zərnava kəndlərinin ərazisində ağacların qanunsuz kəsilməsi
nəticəsində yaşıllıqlara 90 760 manat məbləğində ziyan dəydiyi
müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət
tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün
toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

