
Bakı. Trend:
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail
Müdafiə Qüvvələri lazım olduğu müddətcə cənubi Livandakı
təhlükəsizlik zonasındakı mövqelərində qalacaq.
Bu barədə İsrail mediası məlumat yayıb.
“İsrail şimali İsraildəki sakinlərin təhlükəsizliyini təmin
etmək üçün lazım olduğu müddətcə cənubi Livandakı təhlükəsizlik
zonasında qalacaq”, – deyə o bildirib.
Netanyahu Livanın şiə hərəkatı Hizbullahı atəşkəsi pozmaqda
günahlandırıb və əlavə edib ki, buna görə də İsrail Müdafiə
Qüvvələrinə sərt cavab verməyi əmr edib.
O qeyd edib ki, İsrail öz ordusuna və ərazisinə hücumlara
dözməyəcək və Hizbullah bu cür hücumların bədəlini ağır
ödəyəcək.
Daha əvvəl İsrail Müdafiə Qüvvələri gecə ərzində Livanda 80-dən
çox Hizbullah hədəfinə hücum etdiyini bildirmişdi. Livanın
cənubunda və şərqində 18 nəfərin öldüyü bildirilir.

