
Bakı.Trend:
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə bağlı sürücülərə
müraciət edib.
Bu barədə İdarənin Mətbuat Xidməti məlumat yayıb.
“Həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında,
xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət
məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı
gözlənilir. Hərəkət intensivliyinin yüksəlməsi yol-nəqliyyat
hadisələrinin başvermə riskini artırdığından, Baş Dövlət Yol Polisi
İdarəsi bütün hərəkət iştirakçılarını diqqətli və məsuliyyətli
olmağa çağırır.
Sürücülərdən xahiş olunur ki:
* Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;
* Səhhətində problem olduğu halda, eləcə də yorğun və yuxusuz
vəziyyətdə sükan arxasına əyləşməsinlər;
* Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə
manevrlərindən çəkinsinlər;
* Yol hərəkətinin təşkili vasitələrinin tələblərinə ciddi əməl
etsinlər;
* Səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki
vəziyyətini yoxlasınlar”.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, piyadalardan isə yolu
yalnız müəyyən edilmiş keçidlərdən keçmələri, yolu keçərkən mobil
telefondan və diqqəti yayındıran digər vasitələrdən istifadə
etməmələri xahiş olunur:
“Xüsusilə sutkanın qaranlıq vaxtında daha diqqətli olsun,
təhlükəsizliklərini təmin etmək üçün görünən olmağa
çalışsınlar.
Unutmayaq ki, təhlükəsiz səfər hər birimizin məsuliyyətli
davranışından asılıdır. Baş Dövlət Yol Polisi İdarəsi bütün yol
hərəkəti iştirakçılarını həftəsonu səfərləri zamanı ehtiyatlı
olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə
çağırır”,-deyə Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

