
Bakı. Trend:
Ötən il 58 saxta diplom aşkarlanıb.
Bunu Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının 12-ci
sayı əsasında Trend.az müxbiri müəyyən edib.
“2025-ci ildə ümumilikdə 156 nəfərə (o cümlədən 108 bakalavr və
48 orta ixtisas) aid diplomların həqiqiliyinin yoxlanılması üçün
Elm və Təhsil Nazirliyinə müvafiq sorğular göndərilib. Sorğulara
cavab olaraq 58 nəfərə aid sənədlər üzrə uyğunsuzluqlar aşkarlanıb.
Bunlardan 22 bakalavr və 36 orta ixtisas diplomu barədə məlumatın
mövcud olmadığı, həmin sənədlərin dövlət nümunəli olmadığı və ya
hüquqi əsasının olmadığı bildirilib”, – Trend.az müxbirinin
nəzərdən keçirdiyi həmin nəşrdən belə görünür.
“Mərkəz həmin diplomlarla bağlı araşdırmaların aparılması və
hüquqi qiymətin verilməsi üçün aidiyyəti dövlət orqanlarına
müraciət edib. Müraciətə cavab olaraq diplomların saxtalaşdırılması
və digər qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müvafiq
tədbirlərin görüldüyü bildirilib”, – bu da jurnalda yer alan
məlumatdır.

