
Bakı. Trend:
Dövlət universitetlərinə qəbul olunanların 12,85 faizi 100
baldan aşağı nəticə göstərib.
Bunu DİM-in “Abituriyent” jurnalının 12-ci nömrəsi əsasında
Trend.az müxbiri
müəyyən edib.
“Özəl ali təhsil müəssisələrinə qəbul olunanlar arasında isə 100
baldan aşağı nəticə göstərən abituriyent qeydə alınmayıb. Bu
vəziyyət özəl ali məktəblərdə xüsusi qabiliyyət tələb edən
ixtisaslar üzrə qəbul planının azalması və müsabiqə şəraitinin
nisbətən sərtləşməsi ilə izah edilir”, – Trend.az müxbirinin
nəzərdən keçirdiyi həmin nəşrdən belə görünür.
Dövlət İmtahan Mərkəzinin təhlilləri göstərir ki, I-IV ixtisas
qrupları üzrə dövlət ali təhsil müəssisələrinə qəbul olunan
abituriyentlər daha yüksək nəticələr nümayiş etdiriblər.
Belə ki, dövlət universitetlərinə qəbul olunanların 22,91
faizinin topladığı bal 500-700 intervalında olub. Özəl ali təhsil
müəssisələrində isə bu göstərici cəmi 4,52 faiz təşkil edib. Eyni
zamanda, dövlət ali təhsil müəssisələrinə qəbul olunanların 74,61
faizinin nəticələri 300-700 bal diapazonunda cəmləşib. Özəl ali
təhsil müəssisələrinə qəbul olunanların isə 51,86 faizi əsasən
150-300 bal aralığında nəticə göstərib.
V ixtisas qrupu üzrə isə fərqli mənzərə müşahidə olunur. Həm
dövlət, həm də özəl ali təhsil müəssisələrinə qəbul olunan
abituriyentlərin böyük əksəriyyəti – müvafiq olaraq 75,17 və 71,43
faizi – 100-200 bal intervalında nəticə göstərib.
Bu qrup üzrə ən azı 150 bal toplayanların payı dövlət ali təhsil
müəssisələrində 43,88 faiz, özəl ali təhsil müəssisələrində isə
72,38 faiz təşkil edib. Özəl ali məktəblərdə bu göstəricinin yüksək
olması əsasən Qərbi Kaspi və Xəzər universitetlərinin “Dizayn”
ixtisaslarına xüsusi qabiliyyət imtahanı tələbi olmadan qəbul
aparması ilə əlaqələndirilir, – bu da jurnalda yer alan
təhlillərdən olub.

