
Bakı. Trend:
Fransanın meteorologiya xidməti (Météo-France) ölkədə müşahidə
olunan isti hava ilə əlaqədar 60 vilayət üzrə xəbərdarlıq
səviyyəsinin narıncıya qaldırıldığını açıqlayıb.
Fransa mediasının məlumatına görə, ölkədə havanın temperaturunun
gün ərzində 41 dərəcəyədək yüksələcəyi gözlənilir. Sinoptiklər
ekstremal istilərin gələn həftə də davam edəcəyini
proqnozlaşdırırlar.
Paytaxt Parisi də təsiri altına alan isti hava ilə əlaqədar
Paris meriyası həftə boyu sakinlər üçün yeni tədbirlər
açıqlayıb.
Belə ki, Paris meriyası 17 iyundan etibarən hər gün yerli vaxtla
saat 16:00-dan 20:00-dək vətəndaşlara Sen-Marten kanalında 100
metrlik ərazidə üzməyə icazə verib.
Paris merinin müavini Emmanuel Qriqori dünən paytaxtda keçirdiyi
mətbuat konfransında şəhərdəki bütün park və bağların həftənin 7
günü sutka ərzində açıq olacağını bildirib.
O, həmçinin paytaxt məktəbləri üçün 1200 ventilyator alınacağını
və ictimai hovuzların yerli vaxtla saat 20:00-dək fəaliyyət
göstərəcəyini açıqlayıb.
“Oxfam France” təşkilatının 18 iyun tarixli hesabatında qeyd
olunub ki, Fransada isti hava səbəbindən hər il 5 mindən çox insan
həyatını itirir.

