
Bakı. Trend:
Bu gün İsveçrədə İran və ABŞ arasında keçiriləcək iclas iki
tərəf arasında yekun razılaşmanın əldə olunması üçün başlanğıc
müzakirələrdir.
Bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai
bu gün İsveçrədə İran mediasına açıqlamasında deyib.
“Bu gün İsveçrədə İran və ABŞ arasında müzakirələrin iki turda
keçirilməsi planlaşdırılıb. Bu iclas yekun razılaşmanın əldə
olunması istiqamətində müzakirələrin başlanğıcı hesab olunur”, –
deyə o bildirib.
Onun sözlərinə görə, vasitəçilərlə dialoq heç də əhəmiyyətsiz
olmayacaq və hər bir vasitəçi anlaşma memorandumun icrasına şərait
yaradacaq.
Bəqai bildirib ki, İran tərəfi anlaşma memorandumunun pozulması
halları ilə əlaqədar məsələləri açıq şəkildə bəyan edir. İran və
ABŞ arasında imzalanan anlaşma memorandumunun 1-ci müddəası çox
aydın mesajı özündə ehtiva edir və çox önəmli müddəadır. Livanda
qarşıdurmanın dayanması çox önəmlidir. Ötən gündən qarşıdurma zəif
şəkildə dayanıb.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar
konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və
İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin
gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə
atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7
apreldə atəşkəs razılaşması əldə olunub.
18 iyunda İran və ABŞ arasında sülh memorandumu imzalanıb.
Memorandumu İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti
Donald Tramp imzalayıblar. 19 iyundan sözügedən memorandum qüvvəyə
minib.

