
Bakı.Trend:
Abşeron rayonu Masazır qəsəbəsi ərazisində motosiklet
sürücülərinə qarşı reyd keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə
görə, iyunun 19-da saat 18 radələrində Abşeron rayonu Masazır
qəsəbəsi ərazisində 19 yaşlı Fuad Babaşovun idarə etdiyi
motosikletlə yolun hərəkət hissəsinə qaçan azyaşlı vurulub.
Nəticədə uşaq aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda
ölüb.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri
davam etdirilir.
Bildirilib ki, polis əməkdaşları tərəfindən yol hərəkəti
təhlükəsizliyinin təmin olunması, xüsusilə motosiklet və digər
ikitəkərli nəqliyyat vasitələrinin sürücüləri arasında
qanunvericiliyin tələblərinə əməl olunmasının təmin edilməsi
istiqamətində mütəmadi profilaktik və nəzarət tədbirləri həyata
keçirilir. Keçirilən tədbirlər zamanı sürücülərlə maarifləndirici
söhbətlər aparılır, yol hərəkəti qaydalarını pozan şəxslər müəyyən
edilərək barələrində qanunamüvafiq tədbirlər görülür.
Qeyd olunan ərazidə keçirilən nəzarət-profilaktik tədbirlər
nəticəsində müxtəlif qayda pozuntularına yol verən 45 motosiklet
sürücüsü saxlanılıb. Hazırda reydlər davam etdirilir:
“Bir daha valideynləri azyaşlılara nəzarəti gücləndirməyə, bütün
hərəkət iştirakçılarını isə yol hərəkəti qaydalarına ciddi əməl
etməyə çağırırıq”.

