Qaradağda tarixi karvansaraya qanunsuz müdaxilənin qarşısı alınıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Qaradağ rayonu ərazisində yerləşən, ölkə əhəmiyyətli memarlıq
abidəsi olan 108 inventar nömrəli karvansaraya qanunsuz müdaxilə
edilib.

Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mətbuat xidməti məlumat
yayıb.

Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən
əraziyə baxış keçirilib.

“Araşdırma zamanı müəyyən edilib ki, abidənin üzərindəki tarixi
yazıların və tamğaların səthini qum-sement məhlulu ilə örtərək
abidəyə ziyan vurulub.

Dövlət Xidməti tərəfindən həyata keçirilən operativ tədbirlər
nəticəsində müdaxilənin izləri aradan qaldırılıb, tarixi
elementlərin üzərini örtən material təmizlənərək abidənin ilkin
vəziyyətinin bərpası təmin edilib.




Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 231.3-cü maddəsinə
əsasən mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa
uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və
istifadəsi üzrə tələblərin pozulmasına görə hadisəni törətmiş
şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı müvafiq tədbirlər
görülür”,-deyə qurumun Mətbuat Xidmətindən bildirilib.

Dövlət Xidmətinin Mətbuat Xidmətindən bildirilib ki,“Tarix və
mədəniyyət abidələrinin qorunması haqqında” qanuna əsasən,
abidələrin korlanması, məhv edilməsi, icazəsiz köçürülməsi və
onların təhlükəsizliyinə xələl gətirən hər hansı tikinti, bərpa və
abadlıq işlərinin aparılması qadağandır.

“”Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”
Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin korlanması və
ya məhv edilməsi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə
razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların
toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq
tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin
və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Qədim karvan yolları üzərində yerləşən Qaradağ rayonu ərazisində
bir neçə karvansara mövcuddur. Onlardan biri də Səngəçal
karvansarası kimi tanınan sözügedən tarixi tikilidir. XV əsrdə inşa
edilən abidə tarixən karvan yollarından istifadə edən tacirlərin və
səyyahların dayanacaq məkanı kimi fəaliyyət göstərib. Son dövrlərə
qədər isə iaşə obyekti kimi istifadə olunub.

Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin mühafizəsi
sahəsində qanunvericiliyin tələblərinə ciddi əməl olunmasının
vacibliyini bir daha xatırladır və vətəndaşları, eləcə də müxtəlif
fəaliyyət sahələrinin nümayəndələrini mədəni irs nümunələrinə
həssas yanaşmağa, onların qorunması işində məsuliyyətli mövqe
nümayiş etdirməyə çağırır”,- deyə qurumun Mətbuat xidmətindən əlavə
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir