
Bakı. Trend:
“Anglo Asian Mining” Azərbaycanda qazma proqramını
yeniləyib.
Bu barədə şirkətin məlumatında qeyd olunub.
“Şirkət 2026–2027-ci illərdə 90 min metrlik qazma proqramını
həyata keçirməyi planlaşdırır. Proqrama təxminən 55 min metr
kəşfiyyat qazması və təxminən 35 min metr texniki-iqtisadi
əsaslandırma çərçivəsində qazma işləri daxildir. “Xarxar” yatağında
artıq iki qazma qurğusunun cəlb olunduğu karotaj qazmalarına
başlanılıb. “Qaradağ” yatağında işlərin başlanması isə 2026-cı ilin
üçüncü rübündə gözlənilir”, – məlumatda qeyd olunub.
Bildirilib ki, kəşfiyyat işləri “Xarxar” və “Qaradağ”
sahələrində, eləcə də onlara bitişik ərazilərdə mineral zonaların
genişləndirilməsinə yönələcək. Buraya Gədəbəy müqavilə sahəsində
sonrakı qazma işləri, həmçinin “Dəmirli” mədəninin və “Cənubi
Dəmirli” sahəsinin genişləndirilməsi daxildir.
Şirkətin məlumatına görə, “Gilar” yatağında da yeraltı qazmalara
başlanılıb və bu işlər yuxarı horizontların öyrənilməsinə, həmçinin
yatağın daha dərin səviyyələrinin mümkün genişləndirilməsinə
yönəlib.
“Texniki-iqtisadi əsaslandırma çərçivəsində qazma işlərinə
mineral ehtiyatların qiymətləndirilməsinin yenilənməsi üçün geoloji
sıxlaşdırıcı qazmalar, eləcə də geotexniki, hidrogeoloji,
metallurgiya və nəzarət işləri daxildir: “Xarxar”da təxminən 10 min
metr, “Qaradağ”da isə təxminən 25 min metr”, – məlumatda qeyd
olunub.
Qeyd edək ki, “Xarxar” yatağı Gədəbəy müqavilə sahəsinin şimal
sərhədindən 1,5 kilometr məsafədə yerləşir. Burada 2023-cü ildə
səthdən və yeraltı horizontlardan karotaj qazmaları da daxil
olmaqla geniş geoloji-kəşfiyyat işləri aparılıb. Həmçinin kəşfiyyat
portalı tikilib və yeraltı qazma yolu açılıb. 2022-ci ildə yatağın
əvvəlki sahibindən əldə edilmiş tarixi məlumatlar da təhlil olunub.
İşlərin nəticələrinə əsasən, JORC standartına uyğun mineral
ehtiyatların qiymətləndirilməsi dərc edilib və buna əsasən mis
ehtiyatları 119,1 min ton təşkil edir.
“Qaradağ” yatağı “Xarxar”ın şimal sərhədinə bitişikdir və
eyniadlı filiz sahəsini əhatə edir. 2024-cü ildə bu yataq üzrə JORC
standartına uyğun ilkin resurs qiymətləndirilməsi dərc olunub və
burada təxminən 900 min ton mis ehtiyatının olduğu təsdiqlənib.

