Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bəzi çimərliklərdə dəniz suyundan çimmək məqsədilə istifadənin
müvəqqəti məhdudlaşdırılıb.

Bu barədə məlumat Səhiyyə Nazirliyinin rəsmi saytında dərc
olunub.

“2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə
Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi
tərəfindən dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin
əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə
monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam
etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və
Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və
mikrobioloji göstəricilər üzrə müayinə olunur.

İstirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli
yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi
Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq
laboratoriyalarında da tədqiq edilir.

Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi
ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və
mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və
qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.




Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan,
Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun
Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi
qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz
rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə
sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə
çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində
normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının
qorunması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika
Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən
çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik
sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti
məhdudlaşdırılması barədə qərarlar qəbul edib.

Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti,
Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti,
aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun
regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları
Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.

Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş
çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi
və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.

Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti tərəfindən
monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə
mütəmadi məlumat veriləcək”, – məlumatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir