Avropa qaz uğrunda Asiya ilə mübarizə aparır

Baş səhifə

Avropada müşahidə olunan isti hava şəraiti və zəif küləklər qitənin qaz ehtiyatlarını artırmaq planlarını çətinləşdirir. Qaz şirkətləri yeraltı qaz anbarlarını qış mövsümünə hazırlamaq üçün tələb olunan həcmdə qaz vurmaqda çətinliklə üzləşirlər.

Metbuat.az xəbər verir ki, Avropa qaz sektorunun qarşısında duran əsas məqsəd qarşıdakı qışa qədər anbarlardakı ehtiyatları bərpa etməkdir. Son iki sərt qış mövsümündə ehtiyatların əhəmiyyətli hissəsi istifadə olunduğundan, yay aylarında təxminən 70 milyard kubmetr qazın anbarlara vurulması tələb olunur.

Lakin Avropa bu həcmdə qazı əldə etmək üçün Asiya bazarı ilə ciddi rəqabət aparır. Asiya ölkələri mayeləşdirilmiş təbii qaz (LNG) tədarükçülərinə daha yüksək qiymətlər təklif edərək sərbəst həcmləri özlərinə yönəldirlər. Mütəxəssislər bunu Yaxın Şərqdəki geosiyasi qeyri-müəyyənlik və Fars körfəzindən qaz tədarükünün gələcəyi ilə bağlı risklərlə əlaqələndirirlər.

Avropa Qaz İnfrastruktur Operatorları Assosiasiyasının (GIE) məlumatına görə, iyunun 20-nə olan vəziyyətdə yeraltı qaz anbarlarının doluluq səviyyəsi 46,4 faizə çatıb. Bu göstərici son beş ilin orta səviyyəsindən 14,5 faiz bəndi aşağıdır və ehtiyatların bərpasının arzu olunan tempdə getmədiyini göstərir.

Enerji balansına əlavə təzyiq yaradan amillərdən biri də külək enerjisi istehsalının azalmasıdır. WindEurope-un məlumatına əsasən, iyun ayında külək elektrik stansiyaları Avropanın enerji tələbatının orta hesabla 16 faizini qarşılayıb. Lakin ayın ikinci yarısından etibarən bu göstərici 10 faizdən aşağı düşüb.

Bundan əlavə, qitədə temperaturun normadan yüksək olması enerji sisteminə əlavə yük yaradır. Proqnozlara görə, iyun ayında orta hava temperaturu iqlim normasını 1,5 dərəcə Selsi üstələyəcək.

Vəziyyəti mürəkkəbləşdirən digər amil isə 2025-ci ilin əvvəlindən Rusiya qazının Ukrayna üzərindən Avropaya tranzitinin dayandırılmasıdır. Avropa İttifaqı həm öz tələbatını ödəməyə, həm də Ukraynanın enerji ehtiyaclarını qarşılamağa çalışır.

Qaz çatışmazlığını kompensasiya etmək məqsədilə Avropa LNG idxalını artırsa da, bu istiqamətdə də geriləmə müşahidə olunur. 2025-ci ildə LNG idxalı 28 faiz artsa da, 2026-cı ilin iyun ayında idxalın ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azalacağı gözlənilir. Bu halda aylıq idxal həcmi son 10 ayın ən aşağı səviyyəsinə enə bilər.

Ekspertlərin fikrincə, qaz anbarlarının doluluq səviyyəsi və LNG bazarındakı vəziyyət qarşıdakı qış mövsümündə Avropanın enerji təhlükəsizliyi üçün əsas göstəricilərdən biri olaraq qalacaq.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir