
Bakı. Trend:
Ağdərə rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyanın
tikintisi və mövcud elektrik şəbəkəsi ilə əlaqələndirilməsi işləri
həyata keçiriləcək.
Dövlət satınalmalarının vahid internet portalındakı məlumata
əsasən, “Azərişıq” ASC bununla bağlı müvafiq işlərə başlayıb.
Məlumata görə, ASC sözügedən layihənin icrasını “Harmony
Industrial Construction and Engineering Group” MMC-yə həvalə edib
və tərəflər arasında müvafiq müqavilə imzalanıb.
Müqaviləyə əsasən, görüləcək işlərin dəyəri 3 milyon 961 min
manat təşkil edir.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi
infrastrukturunun bərpası və müasir standartlara uyğun yenidən
qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu
çərçivədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni
yarımstansiyalar, yüksək gərginlikli elektrik ötürücü xətlər və
rəqəmsal idarəetmə sistemləri qurulur. Həyata keçirilən layihələr
regionun dayanıqlı enerji təminatının yaradılması, yeni yaşayış
məntəqələrinin, sənaye müəssisələrinin və kənd təsərrüfatı
obyektlərinin elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına
xidmət edir.
Eyni zamanda Azərbaycan enerji istehsalının artırılması və
enerji sisteminin şaxələndirilməsi istiqamətində genişmiqyaslı
layihələr həyata keçirir. Xüsusilə bərpa olunan enerji mənbələrinin
inkişafı ölkənin enerji strategiyasının əsas prioritetlərindən biri
olaraq qalır. Hazırda BP, Masdar, ACWA Power, China Gezhouba Group
Overseas Investment, SOCAR Green və digər beynəlxalq tərəfdaşlarla
günəş və külək elektrik stansiyalarının tikintisi üzrə iri
investisiya layihələri icra olunur. Bu layihələrin reallaşdırılması
nəticəsində yaxın illərdə Azərbaycanın enerji sisteminə minlərlə
meqavat yeni istehsal gücü əlavə ediləcək ki, bu da daxili təbii
qaz istehlakını azaltmaqla daha çox qazın ixracına imkan
yaradacaq.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, həyata keçirilən
layihələrin nəticəsində 2035-ci ilədək Azərbaycanın enerji
balansında bərpa olunan enerji mənbələrinin payının təxminən 43
faizə çatdırılması nəzərdə tutulur.
Nazirin sözlərinə görə, Azərbaycan Mərkəzi Asiya ilə qonşu
regionlar arasında yeni enerji və investisiya platformasının
formalaşdırılması istiqamətində strateji layihələr həyata keçirir.
Onun sözlərinə görə, əsas təşəbbüslərdən biri Mərkəzi
Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsidir.
“Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında elektrik
sistemlərini birləşdirəcək Transxəzər enerji dəhlizinin yaradılması
ölkələrimizin strateji baxışının tərkib hissəsidir. Bu layihə Xəzər
dənizi vasitəsilə Avropa, Asiya və Çin arasında yaşıl enerji
körpüsü rolunu oynayacaq Orta Dəhlizin inkişafı üçün də geniş
imkanlar yaradır”, – deyə Pərviz Şahbazov bildirib.
Nazir qeyd edib ki, Bakıda fəaliyyət göstərən “Green Corridor
Alliance” birgə müəssisəsi artıq Asiya İnkişaf Bankı və Avropa
Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi texniki-iqtisadi
əsaslandırma işlərini əlaqələndirir. Bununla yanaşı, “Xəzər–Qara
dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi, Azərbaycan–Türkiyə–Avropa və
Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan enerji interkonnektorları
üzrə də işlər davam etdirilir.
“Yaşıl enerji dəhlizləri gələcəyin geoiqtisadi xəritəsini
formalaşdırır”, – deyə nazir vurğulayıb.
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri
Dövlət Agentliyinin direktoru Cavid Abdullayev isə Trend-ə
eksklüziv müsahibəsində bildirib ki, Azərbaycan artıq Avropa ilə
Mərkəzi Asiya arasında yaşıl enerji körpüsünün əsas
iştirakçılarından birinə çevrilir.
“Azərbaycan artıq yalnız enerji resurslarının ixracatçısı deyil,
həm də regional enerji bağlantılarının və yaşıl enerji
dəhlizlərinin təşəbbüskarlarından biridir. Hazırda həyata keçirilən
külək və günəş enerjisi layihələri ölkənin enerji təhlükəsizliyini
gücləndirməklə yanaşı, elektrik enerjisinin ixrac imkanlarını da
əhəmiyyətli dərəcədə artıracaq”, – deyə Cavid Abdullayev Trend-ə
bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin böyük külək potensialı,
yeni elektrik ötürücü xətlərinin yaradılması və “Xəzər–Qara
dəniz–Avropa” Yaşıl Enerji Dəhlizi kimi layihələr Azərbaycanın
Avropanın enerji təhlükəsizliyində rolunu daha da
gücləndirəcək.
“Yaşıl enerji layihələri ölkəyə əlavə ixrac gəlirləri
qazandırmaqla yanaşı, daxili enerji balansının
optimallaşdırılmasına, təbii qaz sərfiyyatının azalmasına və daha
çox qazın xarici bazarlara yönəldilməsinə imkan yaradacaq”, – deyə
o əlavə edib.
Qeyd edək ki, Ağdərədə inşa ediləcək yeni 35 kV-luq
yarımstansiya da işğaldan azad edilmiş ərazilərdə formalaşdırılan
müasir enerji infrastrukturunun tərkib hissəsi olmaqla, regionun
elektrik təchizatının etibarlılığının artırılmasına, iqtisadi
aktivliyin genişlənməsinə və gələcək yaşıl enerji layihələrinin
milli enerji sisteminə inteqrasiyasına əlavə töhfə verəcək.

