Bakıdakı tələbə sayı azaldılacaq – Emin Əmrullayev

Baş səhifə

Bakı. Trend:

Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı
azaldılacaq.

Bunu Elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq
İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər TV”
televiziya kanalına birgə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu gün tələbə kontingentinin təxminən
üçdə ikisi Bakı və onun ətrafında, üçdə biri isə Bakının kənarında
yerləşən ali təhsil müəssisələrində təhsil alır. o O qeyd edib ki,
son illərdə tələbələrin sayı artmaqdadır:

“Çünki ali təhsil daha əlçatan olub, qəbul planlarımız artır.
Biz daha çox insanın ali təhsilli olmasının tərəfdarıyıq. Eyni
zamanda, regionlarımızda universitetlərimizin sayı və imkanları da
genişlənir. Məsələn, Mingəçevir Dövlət Universitetinin yeni kampusu
tikilir, Qarabağ Universiteti yeni fəaliyyətə başlayıb, Naxçıvan
Dövlət Universitetində və Lənkəran Dövlət Universitetində imkanlar
genişləndirilir, Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala
filialı fəaliyyət göstərir və digər təşəbbüslər həyata
keçirilir.

İkinci məqam ondan ibarətdir ki, bu prosesə yalnız köçürmə üsulu
ilə yanaşmaq düzgün olmaz. Elə köklü universitetlərimiz var ki,
onların yüzillik tarixi mövcuddur. Həmin universitetləri
köçürməkdən daha çox, tələbə kontingentinin sayını azaldıb,
keyfiyyəti artırmaq istiqamətində işləməliyik. Bu istiqamətdə
fəaliyyətimiz artıq iki ildir davam edir”.




Emin Əmrullayevin sözlərinə görə, Azərbaycanda bir tələbənin
təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır:

“Əgər biz iki min manata kompüter mühəndisi hazırlamaq
istəyiriksə, təbii ki, tələbə üçün bunun ucuz olması yaxşıdır. Amma
təhsil nə qədər ucuzdursa, keyfiyyətin təmin edilməsi bir o qədər
çətinləşir. Keyfiyyətlə dəyər arasındakı əlaqəni tamamilə pozmaq
mümkün deyil. Əgər ucuz və yüksək keyfiyyətli kadr hazırlığının
universal üsulunu tapsaq, bütün dünya bizə müraciət edər.
Keyfiyyəti artırmaq üçün maliyyələşməni artırmağa məcburuq. Bu
istiqamətdə “SABAH qrupları” vacib həll yollarından biridir. Eyni
zamanda, təhsil haqqını artırmaq mümkün deyilsə, universitetlər
tələbə sayını artırmağa məcbur olur. Bu zaman isə kəmiyyətlə
keyfiyyət arasında tərs mütənasiblik yaranır. Ona görə də bir çox
ali təhsil müəssisələrimizdə tələbə sayının artması təhsil
keyfiyyətinin azalmasına səbəb ola bilir. Həyata keçirdiyimiz
islahatların məqsədi ondan ibarətdir ki, ciddi sosial narazılıq
yaratmadan ali təhsilin keyfiyyətini yüksəldək və eyni zamanda
şəhərdə sıxlığın artmasına təsir etmədən regional universitetləri
inkişaf etdirərək tələbələrin regionlarda təhsil almasına nail
olaq. Regionlarda tələbələrə yüksək keyfiyyətli təhsil vermək
mümkündür. Hətta bəzi ixtisaslar üzrə regionlardakı universitetlər
daha yaxşı nəticələr göstərir. Elə regional ali təhsil
müəssisələrimiz var ki, onların təhsil keyfiyyəti müəyyən
istiqamətlərdə Bakıdakı universitetlərdən daha yüksəkdir”.

Nazir vurğulayıb ki, Azərbaycanda tələbələrin yaşı nisbətən
azdır və valideynlər övladlarını özlərindən uzaqda təhsil almağa
göndərmək istəmirlər. Bu da davranış dəyişikliyi tələb edən bir
məsələdir.

“Reallıq ondan ibarətdir ki, bizdə 17-18, hətta 22 yaşlı gənclər
belə çox vaxt valideynlərinin qərarlarına uyğun hərəkət edirlər.
Buna görə də evinin yaxınlığında təhsil almaq ehtiyacı hələ də
böyük olaraq qalır. Nəhayət, əsas məsələlər keyfiyyətin
artırılması, maliyyələşmənin gücləndirilməsi və qəbul yerlərinin
elə tənzimlənməsidir ki, regionlarda daha çox, Bakıda isə nisbətən
daha az tələbənin təhsil aldığı bir ssenari formalaşsın. Bu isə o
demək deyil ki, regionlarda yeni ali təhsil müəssisələri
açılmayacaq”.

Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da Trend İnformasiya
Agentliyində, APA İnformasiya Agentliyində və “Xəzər TV” televiziya
kanalında yayımlanacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir