
Bakı. Trend:
Azərbaycan məktəbi yaxın beş ildə daha çox şəxsiyyət
formalaşdıran məktəb istiqamətində dəyişməlidir.
Bunu Elm və təhsil naziri Emin Əmrullayev Trend Benəlxalq
İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər TV”
televiziya kanalına birgə müsahibəsində bildirib.
Nazir qeyd edib ki, Milli kimlik məsələsi qarşıda duran ən
mürəkkəb məsələlərdəndi:
“Şəxsiyyət dedikdə isə daha çox dəyərləri qabardardım. İstənilən
təhsil sisteminin qarşısında iki vacib məqam dayanır. Xüsusilə
bizim kimi coğrafiyada yerləşən və bizim kimi xüsusiyyətlərə malik
xalqlar və dövlətlər baxımından bunlardan biri milliliyin,
adət-ənənələrin və dəyərlərin, o cümlədən dilin qorunmasıdır.
Azərbaycan dilinin digər dillərin inkişafı fonunda itib-batmaması,
rəqabətə davam gətirməsi baxımından bu bizim üçün açıq çağırışdır.
Bu nöqteyi-nəzərdən, dəyərlər dedikdə, milli kimlik və milli
dəyərlər kontekstində azərbaycançılıq ideologiyası əsasında gələcək
nəsillərin milli dəyərlərini dövrün reallıqlarına uyğunlaşdırmış
bir azərbaycanlı nəsil yetişdirən məktəb nəzərdə tutulmalıdır. Eyni
zamanda, beynəlxalq rəqabəti və beynəlxalq konteksti də
unutmamalıyıq.
Texnoloji dövrdə çalışmalıyıq ki, insani dəyərlər qorunsun.
Digər məsələlər isə zamanın tələbi ilə dəyişən məsələlərdir.
Xüsusilə milli kimlik məsələsi qarşımızda duran ən mürəkkəb,
diqqətlə yanaşmalı və heç vaxt unutmamalı olduğumuz məsələlərdən
biridir”.
Qeyd edək ki, müsahibə bu gün saat 20:00-da Trend İnformasiya
Agentliyində, APA İnformasiya Agentliyində və “Xəzər TV” televiziya
kanalında yayımlanacaq.

