
Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan 5,132 milyard ABŞ
dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 3,724 milyard ABŞ dolları və ya
3,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsulları alıcıları
siyahısında ilk beşlikdə Böyük Britaniya (3,471 milyard ABŞ
dolları), Rusiya (433,7 milyon ABŞ dolları), Türkiyə (306,2 milyon
ABŞ dolları), Gürcüstan (229,7 milyon ABŞ dolları) və İsveçrə
qərarlaşıb (178,7 milyon ABŞ dolları).
Ümumilikdə isə, bu ilin yanvar-may aylarında Azərbaycan xarici
ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət
əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 178 milyon
dollar və ya 0,8% azdır.
Dövr ərzində ölkənin xarici ticarət dövriyyəsinin 13 milyard 970
milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə
idxalın payına düşüb. Beləliklə, son bir ildə ixrac 2,969 milyard
dollar və ya 27% artıb, idxal isə 3,147 milyard dollar və yaxud
31,6% azalıb.
Nəticədə xarici ticarətdə 7 milyard 152 milyon dollarlıq müsbət
saldo yaranıb ki, bu da illik müqayisədə 6,116 milyard dollar və ya
6,9 dəfə çoxdur.
Qeyd edək ki, Azərbaycanda son illərdə qeyri-neft sektorunun
inkişafı dövlət iqtisadi siyasətinin əsas istiqamətlərindən biri
kimi ön plana çıxır və bu sahə artıq iqtisadi artımın əsas
hərəkətverici qüvvəsinə çevrilib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam
İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekunlarına
həsr olunmuş mətbuat konfransında bildirib ki, qeyri-neft sektoru
ölkənin investisiya cəlbediciliyinin əsas drayveridir.
Nazirin sözlərinə görə, “Azerbaijan Investment Outlook”
sessiyasında Azərbaycanın iqtisadi və investisiya imkanları
beynəlxalq investorlara təqdim olunub və bu imkanlar milli inkişaf
prioritetlərinə əsaslanır.
“Azərbaycanın əsas diqqəti qeyri-neft və qaz iqtisadiyyatının
inkişafına yönəlib və bu sektor son 5–6 ildə ölkədə iqtisadi
artımın əsas drayverinə çevrilib”, – deyə Mikayıl Cabbarov
bildirib.
O qeyd edib ki, investisiya baxımından ən perspektivli
istiqamətlər qeyri-neft sənayesi, mədənçilik və kritik minerallar,
kənd təsərrüfatı və aqroemal, nəqliyyat-logistika, turizm, bərpa
olunan enerji, maliyyə xidmətləri və rəqəmsallaşma sahələridir.
Nazirin sözlərinə görə, Azərbaycanın siyasi və makroiqtisadi
sabitliyi, aşağı dövlət borcu, yüksək valyuta ehtiyatları,
əlverişli coğrafi mövqeyi və beynəlxalq reytinq agentliklərinin
müsbət qiymətləndirmələri ölkənin investisiya cəlbediciliyini
əhəmiyyətli dərəcədə artırır.
Mikayıl Cabbarov bildirib ki, hökumət qeyri-neft ixracının
genişləndirilməsi istiqamətində logistika və nəqliyyat xərclərinə
dəstək verir, kredit zəmanəti və faiz subsidiyası mexanizmlərini
tətbiq edir, sənaye parkları və azad iqtisadi zonalar vasitəsilə
investorlar üçün daha əlverişli biznes mühiti yaradır.
“Azərbaycan öz coğrafi üstünlüklərindən və inkişaf etmiş
nəqliyyat-kommunikasiya infrastrukturundan istifadə etməklə Orta
Dəhliz üzərində mühüm tranzit və logistika mərkəzinə çevrilib”, –
deyə nazir vurğulayıb.
O əlavə edib ki, investorlar üçün xüsusi əhəmiyyət daşıyan
layihələrdən biri də Ələt Azad İqtisadi Zonasıdır. Burada müasir
infrastruktur, rəqabətqabiliyyətli güzəştlər və sabit hüquqi mühit
yaradılıb ki, bu da Azərbaycanın regional investisiya mərkəzi kimi
mövqeyini gücləndirir.
Nazir həmçinin AZƏRTAC-a və İTV-yə müsahibəsində bildirib ki,
iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan siyasət
artıq real nəticələr verir.
“Ümumi daxili məhsulun strukturunda qeyri-neft sektorunun payı
artıq 71,5 faizə çatıb. Təxminən 20 il əvvəl bu göstərici 44
faizdən də aşağı idi. Bu, həyata keçirilən iqtisadi siyasətin
uğurlu nəticəsidir”, – deyə Mikayıl Cabbarov qeyd edib.
Qeyri-neft iqtisadiyyatının inkişaf perspektivlərini Trend-ə
eksklüziv müsahibəsində dəyərləndirən “Oliver Wyman” beynəlxalq
konsaltinq şirkətinin Azərbaycan və Mərkəzi Avrasiya üzrə rəhbəri
Camal İsmayılov bildirib ki, ölkə artıq iqtisadiyyatın
şaxələndirilməsi mərhələsindən yeni inkişaf modelinə keçid
edir.
“Artıq 2025-ci ildə qeyri-neft-qaz sektorunun artımı ümumi
iqtisadi artımı üstələyib. 2026-cı ildə də qeyri-neft sektorunun 4
faizdən çox böyüməsi gözlənilir. Azərbaycanın ÜDM-ni növbəti on
ildə ikiqat artırmaq üçün kifayət qədər resursları, əlverişli
coğrafi mövqeyi və institusional potensialı mövcuddur”, – deyə o
bildirib.
Onun sözlərinə görə, gələcək inkişafın əsas istiqamətləri yüksək
əlavə dəyər yaradan neft-kimya sənayesi, enerji və logistika
xidmətləri, Orta Dəhliz üzərində logistika və ticarət
əməliyyatlarının idarə olunması, turizm və əyləncə sənayesi
olmalıdır.
Camal İsmayılov hesab edir ki, Azərbaycan artıq sadəcə tranzit
ölkə deyil, regional logistika və ticarət axınlarını idarə edən
mərkəzə çevrilməlidir.
“Hazırda Azərbaycan əsasən tranzit gəlirləri əldə edir. Növbəti
mərhələ isə logistikanın əlaqələndirilməsi, ticarət analitikası,
maliyyələşdirmə və risklərin idarə olunması kimi daha yüksək əlavə
dəyər yaradan fəaliyyətlərə keçiddir. Sinqapur və Rotterdam kimi
qlobal logistika mərkəzləri də məhz bu model əsasında inkişaf
edib”, – deyə o vurğulayıb.
Trend-ə müsahibəsində ekspert maliyyə sektorunun inkişafını da
iqtisadi transformasiyanın əsas şərtlərindən biri kimi
qiymətləndirib.
“Enerji və logistika layihələrinin maliyyələşdirilməsi, ticarət
maliyyəsi, regional risklərin idarə olunması və dayanıqlı
maliyyələşdirmə sahələrinin inkişafı Azərbaycanın növbəti iqtisadi
sıçrayışını təmin edə bilər”, – deyə Camal İsmayılov bildirib.
Ekspertin fikrincə, rəqəmsallaşma, süni intellekt əsaslı
logistika həlləri, elektron ticarət sənədləri və rəqəmsal
platformalar gələcək iqtisadi artımın əsas elementləri olacaq.
O, həmçinin qeyd edib ki, qlobal təchizat zəncirlərinin yenidən
formalaşması, Orta Dəhlizin əhəmiyyətinin artması və xidmət
ixracının genişlənməsi Azərbaycan üçün yeni imkanlar yaradır.
“Azərbaycan 3.0 modeli xammal ixracından xidmətlər, logistika,
ticarətin əlaqələndirilməsi və yüksək əlavə dəyər yaradan
fəaliyyətlərə keçidi nəzərdə tutur. Məhz bu model ölkənin
uzunmüddətli iqtisadi artımını təmin edə bilər”, – deyə Camal
İsmayılov əlavə edib.

