
Bakı. Trend:
Azərbaycan təhsil sistemində qiymətləndirmə problemi var.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Trend Beynəlxalq
İnformasiya Agentliyinə, APA İnformasiya Agentliyinə və “Xəzər TV”
televiziya kanalına birgə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, müəllimlərin uşaqlara hansı sualları
verməsi, müəllimlərin işə qəbulunda hansı suallardan istifadə
etməyimiz və müəllimi hansı meyarlarla seçməyimiz əsas
məsələlərdir:
“Siz insanlara hansı sualları verib peşəyə gətirirsinizsə, onlar
da məhz həmin suallara hazırlaşıb gəlirlər. Əzbərçilik və faktoloji
biliklər əsasında qurulmuş imtahanlar bu gün artıq kifayət etmir.
Təhsil sistemimizdə fərqli bacarıq və səriştələri ölçən sualların
hazırlanması ilə bağlı ciddi problemimiz var. Biz hələ də insanın
oxu bacarığını ölçən çox yaxşı suallar yaza bilmirik. Yazırıq, amma
kifayət qədər yaza bilmirik. Riyazi təfəkkürü ölçən sual yazmaq,
tarixdən düşüncə tərzini müəyyənləşdirən sual hazırlamaq hansısa
tarixi hadisənin nə vaxt baş verdiyini soruşmaqdan daha çətindir.
Təhsil sahəsində söhbət yalnız konkret bir imtahandan getmir. Sual
hazırlamaq, düzgün sual vermək məsələsi son dərəcə önəmlidir.
Gələcəyin standartları təkcə suallara cavab verməklə deyil, hansı
sualların soruşulması ilə müəyyən olunacaq”, – nazir qeyd edib.
Nazir, həmçinin bildirib ki, yaxşı müəllim yalnız öz fənnini
bilən müəllim deyil, həm də əməkdaşlıq edə bilən müəllimdir. Onun
sözlərinə görə, yaxşı müəllim, eyni zamanda, düzgün qiymətləndirə
bilən müəllimdir. Düzgün qiymətləndirmək isə yüksək qiymət yazmaq
demək deyil.

