
Bakı. Trend:
Məktəblilərin Respublika İdman Olimpiadasının ikinci günündə
sərbəst güləş, ağırlıqqaldırma, bədii gimnastika, veloidman,
stolüstü tennis ilə yanaşı, badminton, basketbol və boks üzrə
yarışlar da davam edib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sərbəst güləş yarışlarında müxtəlif şəhər və
rayonları təmsil edən məktəbli idmançılar 5 çəki dərəcəsində
mübarizə apararaq ümumilikdə 178 iştirakçı ilə çıxış ediblər.
Ağırlıqqaldırma üzrə 48 kq və 52 kq çəki dərəcələrində qaliblər
müəyyənləşib. Bədii gimnastika yarışlarında 2014 və 2015-ci il
təvəllüdlü gimnastlar arasında qaliblər elan olunub.
Stolüstü tennis üzrə yarışlarda finalçılar müəyyənləşib və
medalçılar bəlli olub. Veloidman üzrə şose yarışlarında həm qızlar,
həm də oğlanlar arasında qrup ötüşmələri keçirilib və qaliblər
müəyyən edilib.
Badminton, basketbol və boks yarışlarında da müxtəlif yaş
qruplarında məktəblilər öz bacarıqlarını nümayiş etdirərək
mübarizəni davam etdiriblər.
Yarış gününün sonunda “Atletlər kəndi”ndə məktəblilər üçün
əyləncə proqramı təşkil edilərək onların asudə vaxtının səmərəli
keçirilməsi təmin olunub.
Qeyd edək ki, Elm və Təhsil Nazirliyi və Gənclər və İdman
Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat
Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ölkədə ilk
dəfə keçirilən Məktəblilərin Respublika İdman Olimpiadasında (MRİO)
yarışlar 26 iyun tarixinədək davam edəcək.

