
Bakı. Trend:
İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Şuşa məscidində
tikinti işlərinin gedişi ilə tanış olublar.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat
yayıb.
Prezidentin köməkçisi Anar Ələkbərov Azərbaycanın və
Türkmənistanın dövlət başçılarına məsciddə görülmüş işlər barədə
məlumat verdi.
Bildirildi ki, təməli 2021-ci ildə Prezident İlham Əliyev
tərəfindən qoyulan məscid tarixi şəhərin yeni müasir rəmzi kimi
ucalmaqdadır.
Zəfər Gününün rəmzi olaraq 8 rəqəmi formasında inşa edilən
məscid əsas və inzibati binalardan, o cümlədən kişi və qadın
dəstəmazxanalarından ibarət olacaq. Məscidin hündürlüyü 73 metr
olacaq iki minarəsi Şuşanın ilin on birinci ayında azad edilməsinin
rəmzi kimi 11 rəqəmini simvolizə edəcək.
Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim
məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla
bəzədiləcək. Məscidin tikintisi “Paşa Holdinq”in dəstəyi ilə
reallaşır.
Yeni inşa edilən məscid Azərbaycanın işğaldan azad olunan
ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin mühüm
layihələrindən biri olmaqla, Qarabağın dirçəlişini və xalqımızın
milli-mənəvi dəyərlərə bağlılığını əks etdirir.

