
Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Mozambik Respublika
Assambleyasının sədri ilə görüşüb
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq
Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının
20-ci sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan
Mozambik Respublikası Respublika Assambleyasının sədri Marqarida
Talapa ilə görüşüb.
Görüşdə İƏTPİ Konfransının 20-ci sessiyasının əhəmiyyəti barədə
fikirlər səsləndirilərək, Parlament İttifaqının müsəlman ölkələri
və onların qanunverici orqanları arasında əlaqələrin daha da
güclənməsində vacib rolu diqqətə çatdırılıb.
Spiker Sahibə Qafarova ölkələrimizin və parlamentlərimizin
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının və qarşılıqlı
dəstəyinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan Prezidenti İlham
Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament
Şəbəkəsinin fəaliyyəti barədə məlumat verib.
Söhbət zamanı parlamentlər arasında əməkdaşlıq məsələlərinə
nəzər salınıb, parlamentarilər arasında təmasların və qarşılıqlı
səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Marqarida Talapa göstərilən yüksək səviyyəli qonaqpərvərliyə
görə minnətdarlığını bildirərək, ölkəmizə səfəri və paytaxt Bakı
haqqında xoş təəssüratlarını bölüşüb. Qonaq Parlament İttifaqı
Konfransının əhəmiyyətini vurğulayıb və ölkəmizin tədbirin təşkili
ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
O, Azərbaycanın Milli Məclisi ilə əlaqələrin genişlənməsinə
böyük önəm verdiklərini bildirərək, parlamentlər arasında
münasibətlərin ölkələrimiz arasında da əlaqələrə töhfə verəcəyinə
inamını ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da
fikir mübadiləsi aparılıb.

