“PAŞA Bank”ın IPO-su yeni mərhələnin başlanğıcıdır – İsi Mustafayev

Baş səhifə

Bakı. Trend:

“PAŞA Bank”ın IPO-su bir mərhələnin sonu, yeni dövrün
başlanğıcıdır.

Trend-in
tədbirdəki müxbirinin məlumatına görə, bunu “PAŞA Kapital”ın Baş
direktoru İsi Mustafayev Bakı Fond Birjasında baş tutan “PAŞA Bank”
ASC səhmlərinin kütləvi təklifi üzrə emissiyanın qeyd olunması və
səhmlərlə təkrar bazar əməliyyatlarının başlanmasına həsr olunmuş
“Açılış Zəngi” mərasimində deyib.

İsi Mustafayev bildirib ki, “PAŞA Bank”ın IPO-su ölkədə kapital
bazarlarının inkişafına mühüm töhfə verməklə yanaşı, xüsusilə fərdi
investorların bu bazara yüksək maraq göstərdiyini bir daha nümayiş
etdirib.

“Biz bütün görüşlərdə vurğulayırdıq ki, “PAŞA Bank”ın IPO-dakı
əsas məqsədlərindən biri kapital bazarlarının inkişafına dəstək
verməkdir. Bu baxımdan həm bankın səhmdarlarına və təsisçilərinə,
həm də rəhbərliyinə təşəkkürümü bildirirəm. Onlar bu alətin
formalaşmasına və kapital bazarlarının inkişafına mühüm töhfə
veriblər”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, IPO prosesi təxminən iki ay davam edib və
bu müddət ərzində bütün iştirakçılar üçün əhəmiyyətli təcrübə əldə
olunub.




“Bu müddətdə çox şey öyrəndik, yeni təcrübələr qazandıq. Bu
prosesdə bizə dəstək olan hər bir şəxsə və quruma təşəkkür edirəm.
İlk növbədə Azərbaycan Mərkəzi Bankına, Bakı Fond Birjasına, Milli
Depozit Mərkəzinə, həmçinin anderrayter qismində çıxış edən “ABB
İnvest’”, ‘”Unicapital” və “PAŞA Kapital”a, eləcə də prosesə dəstək
göstərən digər investisiya şirkətlərinə minnətdarlığımı
bildirirəm”, – deyə İsi Mustafayev vurğulayıb.

Baş direktor qeyd edib ki, IPO-nun başa çatması bir mərhələnin
yekunu olsa da, eyni zamanda yeni dövrün başlanğıcıdır.

“Yaxın vaxtlarda “PAŞA Bank”ın səhmləri üzrə təkrar bazar
formalaşacaq. Marketmeyker olaraq bizim əsas vəzifəmiz bu bazarda
likvidliyin qorunması və investorların təkrar bazara olan
etimadının saxlanılması istiqamətində fəaliyyət göstərmək olacaq”,
– deyə o bildirib.

İsi Mustafayev çıxışının sonunda IPO prosesində iştirak edən
bütün tərəflərə təşəkkür edib və onlara gələcək fəaliyyətlərində
uğurlar arzulayıb.

“Çox uğurlu bir yol keçdik. Bu prosesdə birbaşa və ya dolayısı
ilə əməyi olan hər kəsə təşəkkür edir, gələcək fəaliyyətlərində
uğurlar arzulayıram”, – deyə o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir