
Bakı. Trend:
Azərbaycan təkcə Cənubi Qafqazda deyil, onun hüdudlarından
kənarda gedən sülh proseslərinə də töhfə verir.
Trend-in
tədbirdəki müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası
Milli Məclisinin deputatı, ADA Universitetinin prorektoru Fariz
İsmayılzadə “Azərbaycan orta güc kimi: xarici siyasət, regional
təsir və qlobal iştirak” mövzusunda konfransda çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, Azərbaycanın paytaxtı bir sıra ölkələr
arasında danışıqlar üçün platforma rolunu oynayıb və Azərbaycan
mediator kimi çıxış edib:
“Bu, həm İsrail-Suriya, həm də Türkiyə-İsrail danışıqlarına
aiddir. Vaxtilə Bakıda NATO-nun və Rusiyanın hərbi rəhbərləri
arasında da görüşlər keçirilib. Bütün bunlar göstərir ki, illər
keçdikcə Azərbaycanın regionda mediator rolu daha da güclənir.
Bununla yanaşı, Azərbaycan müxtəlif ölkələrdə sülhməramlı
missiyalarda da iştirak edir. Əfqanıstan və İraqda Azərbaycanın
sülhməramlı qüvvələrinin fəaliyyəti mühüm rol oynayıb. Azərbaycan
regional sülh və təhlükəsizliyə də böyük töhfələr verir. Bu
kontekstdə humanitar yardımlar da xüsusi qeyd olunmalıdır.
Azərbaycan 40-dan çox ölkəyə humanitar yardım göndərib, eyni
zamanda müxtəlif inkişaf proqramlarında iştirak edib. Bu
təşəbbüslər dolayısı ilə sabitliyə və sülhə xidmət edir, həmin
ölkələrdə ekstremizmə və terrorizmə qarşı mübarizəyə, eləcə də
sabitliyin qorunmasına dəstək verir”.
Fariz İsmayılzadə qeyd edib ki, Azərbaycan diplomatiyasından
danışarkən ənənəvi olaraq enerji sahəsi və nəqliyyat dəhlizləri ön
plana çıxır:
“Bu istiqamətdə Azərbaycanın rolu barədə çox yazılıb və
danışılıb. Xüsusilə qeyd etmək lazımdır ki, hazırda Orta Asiya ilə
Avropanı birləşdirən strateji və kritik nəqliyyat dəhlizinin əsas
iştirakçılarından biri Azərbaycandır. Azərbaycanın tranzit
imkanları və nəqliyyat dəhlizləri olmadan Avropa ilə Asiya arasında
əlaqələrin təmin edilməsi, həm quru, həm də hava nəqliyyatı
baxımından xeyli çətinləşər.
Nəzərə almaq lazımdır ki, regionumuzda münaqişələr tez-tez baş
verir və bu səbəbdən bəzi ölkələrin hava məkanı müəyyən dövrlərdə
bağlanır. Belə hallarda Azərbaycan üzərindən keçən marşrutlar mühüm
və etibarlı bağlantı rolunu oynayır. Təhlükəsizlik məsələlərindən
danışarkən adətən Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfələr vurğulanır. Lakin bu gün Azərbaycan artıq Suriyaya
da qaz ixrac edir və bununla enerji təhlükəsizliyinə töhfə verdiyi
coğrafiyanı daha da genişləndirir”.
Fariz İsmayılzadə, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan bir
neçə qlobal beynəlxalq təşkilatda aparıcı rola malik olub. Onun
sözlərinə görə, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına
seçilmiş, çox böyük töhfələr vermişdi:
“Sonralar Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdi və bu,
çox uğurlu bir sədrlik oldu. Azərbaycanın sədrlik fəaliyyəti o
qədər uğurlu oldu ki, hətta üzv ölkələr onun sədrlik müddətinin bir
il artırılmasını Azərbaycandan xahiş etdilər. Azərbaycan həmin
təşkilata sədrlik etdiyi dövrdə yeni təşəbbüslər və yeni ideyalar
irəli sürdü. O cümlədən Gənclər Hərəkatının və Parlament
Şəbəkəsinin yaradılması buna misaldır. Halbuki bu təşkilat 30-40
ildən çox fəaliyyət göstərsə də, belə mühüm elementlərə malik
deyildi. Məhz Azərbaycanın sədrlik etdiyi dövrdə bunlar
yaradıldı.
Daha sonra, Azərbaycan BMT-nin COP29 Sammitinə ev sahibliyi
edib. Bu da çox uğurlu beynəlxalq tədbir idi və beynəlxalq iqlim
dəyişiklikləri ilə mübarizəyə mühüm töhfələr verdi. Azərbaycan bu
təşkilatların bəzilərinin formalaşmasında fəal rol oynayan
ölkələrdən biridir və onları həqiqətən də qlobal siyasətdə ön plana
çıxarıb. Xüsusilə Türk Dövlətləri Təşkilatını qeyd etmək istərdim
ki, bu təşkilat hazırda Avrasiya regionunda, hətta dünya miqyasında
aparıcı təşkilatlardan birinə çevrilib. Digər təşkilatlar da var
ki, məsələn, İslam Əməkdaşlıq Təşkilatında Azərbaycan çox fəal rol
oynayır.
Bu nümunələri ona görə göstərirəm ki, Azərbaycan həm yeni
regional təşkilatların yaradılmasında, həm də qeyri-rəsmi
əməkdaşlıq formatlarının formalaşdırılmasında fəal iştirak edir.
Məsələn, Türkiyə-Azərbaycan-Pakistan formatı var ki, bu da regional
sülhə və sabitliyə töhfə verir”.

