
İvanovka.Trend:
Ölkədə etiketləşdirilməmiş və sertifikatlaşdırılmamış toxumların
ticarət dövriyyəsinə buraxılması qadağandır və bu sahədə dövlət
nəzarəti gücləndirilir.
Trend-in
mediaturdakı müxbiri xəbər verir ki, bunu Aqrar Xidmətlər
Agentliyinin Dövlət Toxum Nəzarəti və Qeydiyyatı Şöbəsinin müdiri
Fikrət Feyziyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, sertifikatlı toxumların üzərində
yerləşdirilən QR kodlar vasitəsilə fermerlər toxumun mənşəyini və
səpin keyfiyyət göstəricilərini izləyə bilirlər.
“Sertifikatlı toxumlar xəstəliklərdən azad, genetik cəhətdən
təmiz və keyfiyyəti dövlət tərəfindən təsdiqlənmiş toxumlardır. Bu
cür toxumlardan istifadə fermerlərə daha yüksək məhsuldarlıq əldə
etmək, təmiz sort və zəmanətli səpin keyfiyyətinə malik əkin
materialından yararlanmaq imkanı verir”.
Şöbə müdiri vurğulayıb ki, ötən ildən etibarən 10 hektardan
yuxarı buğda və 100 hektardan yuxarı arpa əkinlərində sertifikatlı
toxumdan istifadə tələbi tətbiq edilir. Məqsəd ölkədə taxıl
istehsalında məhsuldarlığın artırılması və keyfiyyətli toxum
istifadəsinin genişləndirilməsidir.
“Toxum sertifikatlaşdırılması prosesi tam rəqəmsallaşdırılıb və
toxum bəyanından sertifikatın verilməsinədək bütün mərhələlər
elektron qaydada izlənilir. Sertifikatlaşdırma zamanı sahələrdə
sort təmizliyi, xəstəliklərə davamlılıq və alaqlanma səviyyəsi
dövlət standartlarına uyğun yoxlanılır, tələblərə cavab verməyən
sahələr isə prosesdən kənarlaşdırılır”.
F.Feyziyev əlavə edib ki, bu tədbirlər ölkənin keyfiyyətli toxum
təminatının gücləndirilməsinə və fermerlərin daha yüksək məhsul
əldə etməsinə xidmət edir.

